8 iyul 2015 15:00
Dinamo bu gün gəlir, Qəbələ şəhər stadionunda anşlaq gözlənilir
Sabah Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"nin qonağı olacaq Gürcüstanın "Dinamo" (Tiflis) klubu bu gün ölkəmizdə olacaq. Azerisport.az xəbər verir ki, günorta yeməyindən sonra sözügedən komanda Azərbaycan səfərinə start verib.
Axşam saatlarında "Dinamo" oyunun keçiriləcəyi Qəbələ şəhər stadionunda son məşqə çıxacaq. Tiflis klubu ilə yanaşı ölkəmizə 15 jurnalist də gəlir.
"Qəbələ"nin mətbuat xidmətindən aldığımız məlumata görə, artıq bu oyuna biletlər satışa çıxarılıb. Biletləri stadionun kassalarından almaq mümkündür. Bütövlükdə, 4300 bilet satışa çıxarılıb. Qəbələ şəhər stadionunda anşlaq gözlənilir.
Qeyd edək ki, "Qəbələ" - "Dinamo" matçı sabah saat 21:00-da başlayacaq.
