Svanadze: Çox istərdim ki, Laçi səddini keçək
"İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Komanda ilk oyundakı heç-heçədən sonra özünü necə hiss edir? Cavab matçına hazırlıq necə gedir?
- Adi qaydada hazırlaşmağa davam edirik. Komanda özünü tam komfortda hiss edir. Bizi heç də asan olmayacaq cavab görüşü gözləyir. Necə olacağını oyun göstərəcək.
- İlk oyundakı çıxışınızdan razı qaldınız?
- Hazırda komandanın oyun formasından razıyam. Vaxtımız çox az idi. Amma qısa zaman kəsiyində böyük iş gördük.
- Albanlar hələ də hesab edirlər ki, komandanızın ilk oyunda bəxti gətirib...
- (gülür) Biz isə yenə də hesab edirik ki, nəticə tam ədalətli oldu. Çünki bərabər səviyyəli oyun gedirdi. Albanlar isə qoy nə istəyirlər, onu da danışsınlar.
- Heyətdə itkilər var?
- Fomenko zədəlidir. O, hələ ki, fərdi proqram əsasında məşq edir. Onun cavab görüşündə iştirakı sual altındadır.
- Səfərdə qollu heç-heçə normal nəticədir. Amma bu, komandanızda arxayınlığa da səbəb ola bilər...
- Heç bir halda arxayınlığa yol vermək olmaz. Nəticə futbolçularımızı sakitləşdirməməlidir. Bu rəqibi yaxşı tanıyırıq. Bilirik ki, cavab görüşündə işimiz heç də asna olmayacaq.
- "İnter" nəticəni qorumağa çalışacaq, ya qələbəyə oynayacaq?
- Biz həm müdafiə olunmağa, həm də hücum etməyə çalışacağıq. Hesabı qorumaq barədə düşünmürük. Bu, yaxşı heç nə gətirməz.
- "İnter" bu rəqibini keçə biləcək?
- Bu mərhələni keçməyimizi çox istəyirəm. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik.
- Klub rəhbərliyi yeni transferlərini davam etdirir. Komanda növbəti mərhələyə adlasa, iddialarınızın da artacağını demək olar?
- Biz hələ ilk rəqibimizi mübarizədən kənarlaşdırmamışıq. Ona görə də bu sualınız barədə yalnız cavab matçından sonra danışa bilərəm. Bütün iddialarımızı ilk mərhələni keçəndən sonra aydınlaşdıracağıq.
