Qarabağ öncə Styaua, sonra Lokomotivlə qarşılaşacaq
"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, artıq 10 gündür Kössün qəsəbəsində hazırlıqlarını sürdürən komanda gündə 2 məşqlə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacağı Çernoqoriya "Rudar"ı ilə oyuna hazırlaşır.
Baş məşqçi Qurban Qurbanov səhərlər futbolçuları fiziki, axşamlar isə taktiki baxımdan hazırlaşdırır. Hər məşq təxminən 90 dəqiqə davam edir.
Ötən gün ayağında yüngül zədə olan Dani Kintana məşqin müəyyən hissəsində iştirak edib. İspan yarımmüdafiəçinin bu gün komandayla tam məşq etməsi gözlənilir.
"Qarabağ"ın Avtsriyada keçirdiyi təlim-məşq toplanışında 3 yoxlama oyununa çıxacağını bildrmişdik. İyunun 30-da Avstriya təmsilçisi "SV Horn"la qarşılaşacaq Ağdam klubu Bakıya dönənə qədər daha 2 yoxlama oyununda gücünü sınayacaq. İyulun 3-də komanda 17:30-da Ruminiya nəhəngi "Styaua" ilə, iyulun 7-ə isə Rusiyanın "Lokomotiv" (Moskva) klubu ilə qarşılaşacaq.
İyunun 8-də isə "Qarabağ" Azərbaycana qayıdacaq. Qeyd edək ki, Ağdam klubu iyulun 15-də Çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"ı (Çernoqoriya) qəbul edəcək. Oyun 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
