Kazbek Tuayev: Bu, bizim tanıdığımız Tiflis Dinamosu deyil
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi
- Avrokubokların püşkatmasını klublarımız üçün necə qiymətləndirə bilərsiniz?
- Dörd klubumuzun bütün rəqibləri keçiləsi komandalardır. Klublarımız növbəti mərhələyə adlamağa borcludurlar. Mən xüsusilə "Qarabağ"la "Neftçi"dən uğur gözləyirəm.
- "Qəbələ"nin rəqibi Tiflis "Dinamo"sundan ehtiyatlanmağa dəyər?
- Hazırda bu klubda gənc və perspektivli uşaqlar çıxışe dir. Onlar çempionatda üçüncü yeri tutublar. Gürcülərin hazırlıq sistemi bizimkilərdən fərqlidir. Onlar gənc futbolçular yetişdirib, satmağa üstünlük verirlər.
- Deməli, "Qəbələ" bu komandanı keçməyə borcludur?
- Bəli. Çünki bu, bizim tanıdığımız Tiflis "Dinamo"su deyil. Onların zəngin tarixi var, vaxtilə böyük klub olub. İndiki komanda isə tamamilə fərqlidir.
- Amma "İnter"lə "Neftçi" də əvvəlki əzəmətindən uzaqdır. Sizə elə gəlmir ki, paytaxt klubları Albaniyanın "Laçi" və Çernoqoriyanın "Mladost" komandasını keçməkdə çətinlik çəkə bilər?
- "Neftçi" yaxşı toplanış keçir. Komandada oynamaq istəyən futbolçuları saxlayıblar. Komandaya kifayət qədər gənc və perspektivli məşqçi Samir Əliyev rəhbərlik edir. Onlardan uğur gözləyirəm. "İnter"ə də keçiləsi rəqib düşüb.
- "Qarabağ"ın Çernoqoriya çempionu "Rudar"ı keçəcəyinə çox az şübhə edən var...
- "Qarabağ"ın "Rudar"ı keçməkdən daha böyük hədəfləri var. Bu mövsüm onlar Avropadakı statuslarını daha da möhkəmləndirməlidirlər.
- Sizə elə gəlmir ki, artıq Azərbaycan klubları da Gürcüstan sisteminə keçməyə başlayıblar? Çünki AZAL da bundan sonra gənc və yerli futbolçularla çıxış edəcəyini açıqlayıb...
- Bu, yaxşıdır. Mən onları alqışlayıram.
- Bəlkə bu, sadəcə, büdcəni azaltmaq üçün bir səbəbdir?
- Bunu demək mənim üçün çətindir. Çünki işin içində deyiləm. Amma komandanın gənclərə üstünlük verməsi çox yaxşı nüansdır. Gənc futbolçular daha çox oyun təcrübəsi qazanacaqlar.
- Deməli, Oslodakı heç-heçələrin davamını gözləməyə dəyər?
- Bəli. Həmin gün Azərbaycan yığması əla matç keçirdi. Hər şey xoşuma gəldi. Robert Prosineçkinin komandası özünü yaxşı tərəfdən göstərə bildi.
- Başa çatmaqda olan Avropa Oyunları barədə nə fikirdəsiniz?
- Oyunların təşkilatçılığı sadəcə, möhtəşəmdir. İdmançılarımız da etimadı doğrulda bilirlər. Bunu qazanılan medalların sayı da sübut edir.
