Şakiri İnterin rəqibində sirr qoymadı
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Artim Şakiri Bakı "İnter"inin Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi - Albaniyanın "Laçi" klubu barədə maraqlı faktlar açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənə elə gəlir ki, bu, çox maraqlı qarşıdurma olacaq. Baş məşqçi kimi "Laçi"yə qarşı dörd dəfə çıxış etmişəm. Biz bu oyunların yalnız birində uduzduq. "İnter"i bu cütün favoriti saymaq olar. Komandanızın növbəti mərhələyə adlamaq üçün yaxşı şansı var".
Qeyd edək ki, Şakiri son mövsümdə Albaniyanın "Kukesi" klubunu çalışdırırdı. Bu üzdən o, "Laçi"ni çox yaxşı tanıyır:
"Düzdür, istənilən halda "İnter" "Laçi"ni xüsusi araşdırmalıdır. Bu komanda sürətli əks-hücumlar qurmağı çox yaxşı bacarır. Kollektiv futbol nümayiş etdirirlər, güclü forvardları var. Oyunçuları arasında Cevahir Şukayı qeyd edərdim. Çox təcrübəli və təhlükəli futbolçudur. Ondan başqa komandada Sequn Adeniyi aldı nigeriyalı futbolçu var. O, meydanda olsa, "İnter" bu legionerə xüsusi diqqət ayırmalıdır. Çox sürətli və təhlükəlidir. Marko Çetkoviçi də diqqət mərkəzində saxlamaq lazımdır. İstənilən halda "İnter"in mərhələ keçəcəyini düşünürəm".
