Qarabağ daha 8 futbolçu qoşuldu
"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, hazırlığın növbəti günündə tək məşq vardı.
Son günlər 2 məşqlə davam edən komanda ötən günün yeganə məşqinə yerli vaxtla 18:30-da (Azərbaycan vaxtıyla 21:30) çıxıb. Buna qədər isə "Qarabağ" nəhayət ki, tam heyətlə yığışa bilib. Müxtəlif səbəblərdən son 5 gündə natamam heyətlə çalışan komandada dünən axşam milli futbolçular da "kamp"a qatılıblar. Rəşad Sadıqov, Maksim Medvedev, Elvin Məmmədov, Coşqun Diniyev, Qara Qarayev, Cavid Tağıyev, Bədavi Hüseynov Bakıdan, İbrahim Sehiç isə Bosniyadan ağdamlıların məskunlaşdığı Kössen qəsəbəsindəki otelə gəliblər.
Məşqə gəlincə, isinmə və "kvadrat"ın ardından futbolçular 2 qrupa bölünüblər. Milli futbolçular qaçmaqla kifayətləndiyi halda, digərləri toplu çalışma həyata keçiriblər.
