Bədavi Hüseynov: Rudar ilə oyunlarda favorit olduğumuzu deməzdim
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi
- Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Rudar"ı ilə qarşılaşacaqsınız. Püşkatmanın nəticəsi ürəyinizcə oldu?
- Kimsə bizim rəqibimiz olmalı idi. Püşk də bizə "Rudar"ı çıxardı. Hazırlaşmalıyıq. Uğurlu çıxış etmək istəyiriksə, yaxşı hazırlaşmağımız vacibdir.
- Yəqin ki, "Rudar" barədə ətraflı məlumatınız yoxdur...
- Elədir ki, var. Bu klub barədə heç nə eşitməmişəm. Çünki Çernoqoriya çempionatı bizim üçün tanış deyil.
- Amma bu, "Qarabağ"ın rəqibini asanlıqla keçəcəyi demək deyil...
- Heç də asan olmayacaq. Çox ciddi hazırlaşmağımız lazımdır. Çünki ən kiçik səhv böyük problemlərə səbəb ola bilər.
- Futbolda sürprizlər qaçılmazdır. "Rudar" "Qarabağ"a sürpriz edə bilər?
- Çempionlar Liqasında zəif komanda olduğunu düşünmürəm. Bizə qarşı ölkəsinin çempionu olmuş komanda oynayacaq.
- Favorit "Qarabağ" göstərilir...
- Mən belə deməzdim. Çünki hələ "Rudar"ın necə oynadığını bilmirik. Onların güclü və zəif cəhətlərindən xəbərimiz yoxdur. Ona görə də "Qarabağ"ın favorit olduğunu demək tezdir.
- "Rudar"ın kapitanı Nedelko Vlahoviç "Qarabağ"ı favorit adlandırsa da, komandasının sürpriz etməyə çalışacağını deyib...
- Belə açıqlama vermələri tamamilə normaldır. Biz isə öz növbəmizdə qarşıdakı oyunlara tam köklənməliyik.
- Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynadınız. Bu mövsüm üçün hədəfiniz nədir?
- Bu mövsüm hamı bizdən Çempionlar Liqasının qrup mərhələsinə düşməyi gözləyir. Amma bu, çox çətin olacaq. Sadəcə, biz əlimizdən gələni edəcəyik ki, qrup mərhələsində oynayacaq. Allah eləsin ki, buna nail olaq.
- "Neftçi"dən transfer olunan Elvin Yunuszadə sizin mövqeyinizdə oynayır...
- Elvini çoxdan tanıyıram. Biz Azərbaycan yığmasında da birgə oynamışıq. Elvin çox yaxşı müdafiəçidir. Fikrimcə, o, komandamıza kömək edəcək.
