Rəşad Sadiqov: Qəbələ Dinamonu keçmək üçün hər şeyə malikdir
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi
- Avropa Liqasına necə hazırlaşırsınız?
- Hər şey normaldır. Türkiyədə toplanış keçdik, indi isə Qəbələdə hazırlığı davam etdiririk. "Dinamo" ilə ilk oyunumuz səfərdə olacaq. Baxmayaraq ki, harada başlamağımızın elə də ciddi fərqi yoxdur. Kim daha yaxşı hazırlığa malik olacaqsa, o da qalib gələcək. Qalib tərəfin bizim komanda olması üçün əlimizdən gələni edəcəyik.
- Püşk sizə Tiflis təmsilçisini çıxaranda nə düşündünüz?
- Bu, heç də pis variant deyildi. Çünki İngiltərənin "Vest Hem" klubu ilə də qarşılaşa bilərdik. Amma daha münasib rəqiblər də var idi.
- "Dinamo" barədə nə bilirsiniz?
- Düzünü desəm, hələ ətraflı məlumatım yoxdur. Amma əminəm ki, məşqçilər korpusu tezliklə bizə lazım olan məlumatları çatdıracaqlar. Bu komanda Gürcüstan çempionatını ikinci yerdə başa vurub və deməli, zəif komanda ilə üzləşəcəyimizi düşünməyə dəyməz. Həm də onlar reytinqdə bizdən üstündürlər.
- "Qəbələ" bu komandanı keçməyə qadirdir?
- Bəli. Bizdə bunun üçün hər şey var. Öz oyunumuzu sərgiləsək, ikinci təsnifat mərhələsinə yüksələ bilərik.
- Komandanı 13 futbolçu tərk edib, 10 yeni oyunçu alınıb. Sizə elə gəlmir ki, oyununuzu tapmağınız xeyli zaman tələb edəcək?
- Klubumuz yaxşı transferlər edib. Gürcülərlə oyun bunu sübut edəcək. Mümkün uğursuzluq barədə düşünməyə belə dəyməz. Hər bir futbolçu meydana çıxıb, qələbə üçün əlindən gələni etməlidir. Səbəb olmamalıdır. Komandada rəqabət böyükdür. Bu, həm futbolçuların, həm də komandanın lehinə olacaq.
- Gürcüstan və Azərbaycan klubları arasındakı görüşlərdə son dövrlər bizimkilər qalib gəlir. Xüsusilə, "Neftçi" son iki avrokubok qarşılaşmasında Gürcüstan klublarını mübarizədən kənarlaşdırıb. Sizə elə gəlmir ki, "Dinamo" həmin uğursuzluqların qisasını sizdən almağa çalışacaq?
- Düşünmürəm. Çünki Azərbaycan klublarına "Dinamo" uduzmayıb. Onlar sadəcə, növbəti mərhələyə adlamaq haqda düşünəcəklər.
- "Dinamo"nu keçəcəyiniz halda qarşılaşacağınız rəqiblərin kimliyinə baxmısınız?
- Xeyr. Hələ bununla maraqlanmırıq. "Dinamo"nu keçsək, baxarıq.
