Laşa Kasradze: İnterə gürcü baş məşqçisi olduğuna görə gəldim
"İnter"in yeni transferi Laşa Kasradzenin azerisport.az saytına müsahibəsi
- "İnter"ə keçidiniz bir qədər gözlənilməz oldu...
- Mən belə deməzdim. Dəvət etdilər, gəldim. Bir illik müqavilə imzaladım. Hamı bilir ki, "İnter" yeni heyət qurur. Tezliklə Avropa Liqasında oynayacağıq. Hazırlaşacağıq. Uğurlu çıxış etmək istəyirik.
- Klubun maliyyə problemləri var. Amma siz buna baxmayaraq, "İnter"ə gəlməyə razı oldunuz...
- Bunu bilirdim. Amma bu, qorxulu deyil. Bunu problemetmirəm. Mənə kifayət qədər normal şərtlərlə müqavilə təklif olunub.
- AZAL-da sizi qane etməyən nəsə var idi?
- Tərlan Əhmədov gözəl insan, yaxşı məşqçidir. Onunla danışdım və heç bir problem olmadan ayrıldıq. Klub sənədlərimi verdi və AZAL-dan getdim. Bu komandaya uğurlar arzulayıram.
- Deyilənə görə, AZAL-da da maliyyə problemləri var...
- Elə də böyük problemləri yox idi. Amma mən AZAL-dan buna görə getmədim. Sadəcə, "İnter"də gürcü məşqçi çalışır və məni öz komandasında görmək istədiyi üçün gəldim. Komandada gürcü futbolçuların olması da uyğunlaşmaq baxımından mənə kömək edəcək və bu da bir üstünlükdür.
- Müdafiədə Zurab Xizanişvili ilə birgə oynayacaqsınız...
- Zurab çox təcrübəli futbolçudur. Ondan öyrənməli olduğum nələrsə var.
- "İnter" Avroliqada nəyə nail ola bilər?
- Baxacağıq. Bizi çətin oyunlar gözləyir. Yeni kollektivimiz var. Birinci təsnifat mərhələsində uğur qazanmaq istəyirik.
- "Qəbələ" Gürcüstan "Dinamo"su ilə üz-üzə gələcək. Sizcə, bu komandaların şansları necədir?
- Maraqlı cütlük olacaq. "Dinamo" çox yaxşı komandadır. Amma öncədən dəqiq heç nə demək olmaz.
