Tahir Süleymanov: Bu il də klublarımızı avrokubokların qrup mərhələsində görəcəyik
"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanovun azerisport.az saytına müsahibəsi
- Avrokubokların yeni mövsümünün püşkatmasında bəxtimizin gətirdiyini demək olar?
- Mən belə deməzdim. "Qarabağ"la "Neftçi"nin son mövsümlərdəki uğurları ölkəmizin klub reytinqini artırmağa şərait yaradıb. Şübhəsiz ki, bunun məntiqi nəticəsi kimi ilk təsnifat mərhələlərindəki rəqiblərimiz də nisbətən zəif komandalar olmalıdır. İkinci təsnifat mərhələsində də belə olacaq.
- Bunun davamını yeni mövsümdə gətirə bilərik?
- Şübhəsiz ki, "Qarabağ", "Neftçi" və "İnter" ölkənin klub reytinqini qaldırmalıdır. Ən azı bu səviyyəni saxlamaq, imkan daxilində isə artırmaq lazımdır. Artıq Azərbaycan futbolunun öz markası var və bu markanı qorumaq vacibdir.
- Reytinq baxımından yalnız "Qəbələ" təəssüflənə bilər...
- Məhz reytinqi aşağı olduğuna görə bu komanda hələ qənaətbəxş püşkə ümid edə bilmir. Roman Qriqorçuk əbəs yerə deməyib ki, rəqiblərimizi biz seçmirik, rəqiblərimiz bizi seçir. Bu üzdən hətta kimsə "Qəbələ"nin püşkdə bəxtinin gətirdiyini də deyə bilər. "Neftçi" 2012-ci ildə "Zestafoni"ni, ötən mövsüm "Çixura"nı devirdi. "Qəbələ" də "Dinamo" ilə oyuna ciddi şəkildə hazırlaşmalıdır.
- Bəs alınmasa?
- Düzünü deyim ki, mən bu komandanın "Dinamo"nu keçəcəyinə inanıram. Belə olan halda onlar hətta Avroliqanın qrup mərhələsinə düşmək üçün də yaxşı şans əldə edəcəklər.
- "İnter" Albaniya "Laçi"sini keçə biləcək?
- "İnter"in indiki vəziyyəti hər kəsə məlumdur. Çətin olacaq. Amma hesab edirəm ki, Azərbaycanın dörd təmsilçisinin hamısı mərhələ keçə bilər. Yüksək reytinqi qorumaq lazımdır.
- "Qarabağ"ın Çernoqoriya çempionu "Rudar"la oyundakı şansları barədə nə düşünürsünüz?
- Bu komandadan gözləntilər çoxdur. İnanıram ki, "Rudar"ı da keçəcəklər, ondan sonrakı rəqibi də. Belədə həm Avropa Liqasının qrup mərhələsinə vəsiqə təmin edilmiş olacaq, həm də ilk dəfə klubumuz ÇL-in pley-off mərhələsi çərçivəsində oynamaq şansı qazanacaq.
- Bəs ÇL-in qrup mərhələsində oynamaq şanslarını necə qiymətləndirirsiniz?
- Püşk üzümüzə gülsə, "Qarabağ"ın şansı kifayət qədər yüksək qiymətləndirilə bilər. Fikrimcə, bu mövsüm də Azərbaycan təmsilçilərini Avropa turnirlərinin qrup mərhələsində görə biləcəyik.
