Ansi Aqolli: Rudarla matçda özümüzü ev sahibi kimi aparmalıyıq
"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin azerisport.az saytına müsahibəsi
- 2015/16 mövsümündəki ilk rəsmi rəqibiniz Çernoqoriya "Rudar"ıdır. Nə düşünürsünüz?
- Mən hələ onlar barədə heç nə bilmirəm. Amma hamı bilir ki, Çernoqoriyanın yaxşı futbol məktəbi var. Onlardan həmişə yaxşı futbolçular çıxıb.
- Yəqin ki, belə bir ölkənin çempionu da güclü olar...
- Çempion həmişə güclüdür. Hansı ölkənin çempionu olmasından asılı olmayaraq, belə komandalarla qarşılaşmaq asan olmur.
- İlk oyun Bakıda keçiriləcək...
- İlk oyun daha çətin olur. Rəqibi öz meydanımızda qəbul edəcəyimizə görə, ev sahibi kimi davranmalıyıq. Bizim əsas üstünlüyümüz azarkeşlərimiz olacaq.
- Cütün taleyini Bakıda həll etmək olar?
- Bu komanda ilə iki oyunumuz olacaq. Cütün taleyini də ilk yox, iki oyun müəyyənləşdirəcək. Amma təbii ki, biz ilk oyunda yaxşı şans əldə etməyə çalışacağıq.
- "Qarabağ" ÇL-də çox irəli gedə bilər?
- İndiki məqamda bunu söyləmək çətindir. Çünki biz yeni mövsümün hazırlığına bir neçə gündür başlamışıq. Amma təbii ki, mümkün qədər çox irəli getməyə çalışacağıq. ÇL-in qrupuna düşəcəyimizi desəm, ağılsızlıq olar. Ona görə də indi bizə ilk növbədə "Rudar"la oyunları düşünmək, bu komanda ilə duellərə hazırlaşmaq lazımdır.
- Avstriya toplanışı necə gedir?
- Dediyim kimi, hazırlığa yeni başlamışıq. Hazırlığın əsas mərhələsi isə hələ qarşıdadır. Fikrimcə, ilk oyuna qədər hər şey yaxşı olacaq və komanda matça hazır çıxacaq.
- Komandanın yeni transferlərindən nə gözləyirsiniz?
- Onları Qurban Qurbanov seçib. Yeni futbolçularımız pis ola bilməz.
