Qriqorçuk: Qəbələ növbəti mərhələyə adlamaq üçün bütün silahlarından yararlanmalıdər
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının birinci və ikinci təsnifat mərhələsindəki rəqibləri ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, öncə ilkin təsnifat mərhələsində üz-üzə gələcəkləri Tiflis "Dinamo"sundan danışıb:
"Püşkü sakit qarşıladım. Biz hələ o səviyyəyə çatmamışıq ki, püşkdən razı və ya narazı qaldığımızı deyək. Biz bu heyətlə, indi səviyyəmizlə sadəcə, özümüzü sübut etmək haqda düşünməliyik. Ona görə də Gürcüstan klubunun bizə uyğun rəqib olub-olmadığını müzakirə etmək istəmirəm. Çünki biz özümüz Avropa səviyyəsində çox zəifik. Sadəcə, onu deyə bilərəm ki, "Dinamo" "Qəbələ" üçün çox ciddi rəqibdir və biz mərhələ adlamaq üçün bütün silahlarımızdan istifadə etməliyik".
Qriqorçuk Avroliqanın ikinci təsnifat mərhələsindəki potensial rəqibləri olan Sloveniya "Domjale"si ilə Serbiya "Çukariçki"si ilə bağlı bunları söyləyib: "Bu klubları təkcə mən yox, əksər mütəxəssislər yaxşı tanıyır. Çünki hər iksinin avrokuboklarda böyük təcrübəsi var. Onlar az qala hər mövsüm uğurlu çıxış edirlər. Allah eləsin ki, növbəti mərhələyə vəsiqə qazanaq. Amma hadisələri qabaqlamağa ehtiyac yoxdur. Hazırda ilk rəqibimizi daha yaxından tanımaqla məşğul olmalıyıq".
