Tahir Gözəl: Azərbaycanı Qarabağa dəstək olmağa səsləyirəm
"Qarabağ"ın prezidenti Tahir Gözəlin azerisport.az saytına müsahibəsi
- ÇL-in ikinci təsnifat mərhələsində rəqibiniz "Rudar" oldu. Püşkü necə dəyərləndirə bilərsiniz?
- Müsbət. Biz bu komanda ilə oynaya bilərik. Düzdür, Çernoqoriya klubunu qiymətləndirməmək də olmaz. Ümid edirəm ki, hər şey bizim xeyrimizə nəticələnəcək.
- "Qarabağ"ın "Rudar"ı keçmək şansı nə dərəcədə böyükdür?
- Hesab edirəm ki, bizə asan olacaq. Son mövsümdək sərgilədiyimiz futbolu nümayiş etdirə bilsək, yenə müsbət nəticələr qazana bilərik.
- İlk oyunun Bakıda keçirilməsi sizin kefinizi korlamadı?
- Əksinə, avrokuboklara evdə start verməyimiz əladır. Bütün Azərbaycanı "Qarabağ"a dəstək olmağa çağırıram. İlk oyun çox vacibdir. Bu matçı da doğma meydanda keçirməyimiz yaxşı oldu.
- Stadionun tam dolacağını gözləyirsiniz?
- Bəli. Əminəm ki, çox möhtəşəm atmosfer olacaq. Hər şey maliyyədən asılı deyil. Biz də insanıq və azarkeşlərin diqqətinə ehtiyacımız var. 30 min azarkeşin qarşısında oynamaqla 3 mini qabağında çıxış etmək arasında çox böyük fərq var. Amma bizim çox yaxşı dəstəyimiz olacaq. Buna şübhə etmirəm.
- Komanda yeni avrokuboklar mövsümündə qarşısına hansı hədəfi qoyub?
- Vaxtilə yaşadığımız emosiyaları, hissləri yenidən təkrarlamağı. Öz yolumuzla davam etmək, yeni-yeni uğurlar qazanmaq istəyirik.
- Heyətdəki dəyişiklikləri nəzərə alsaq, komanda daha yaxşı nəticəyə imza ata biləcək?
- Mən həmişə sabitliyin tərəfdarı olmuşam, istəməmişəm ki, heyət dəyişsin. Amma futbolda bu, qaçılmazdır. Məsələn, hansısa futbolçunun qiyməti qalxa bilər, biz isə onu qarşılaya bilmərik. Leroy Corc buna görə getdi. Əvəzində fransalı legioner gəldi. İnanıram ki, o, komandaya faydalı olacaq.
- Bəs Vüqar Nadirovun gedişi barədə nə deyə bilərsiniz?
- Düzünü deyim ki, onun gedişinə çox üzüldüm. Onu "Qarabağ"la çox şey bağlayırdı. Bizim real büdcəmiz var. Lakin Vüqar bizdən çox pul istədi. Baxmayaraq ki, biz də ona düşünülmüş bir məbləğ təklif etmişdik. Çünki son mövsümdə heç də həmişə əsas heyətdə oynamırdı. Azərbaycan futbolunun reallıqlarını bilirəm. Ona görə də düşünmürəm ki, bizim təklifimizdən daha yaxşı şərtlər irəli sürən olsun. Təəssüf ki, o, getməyə qərar verdi.
