Qarabağ 2 630 000 avroya qarşı
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi Çernoqoriya "Rudar"ı oldu. Azerisport.az xəbər verir ki, sözügedən komanda ölkənin Plevlya şəhərinin təmsil edir.
1920-ci ildə yaradılmış 95 yaşlı klub elə də böyük uğurlara malik deyil. Belə ki, "Rudar" cəmi iki dəfə (2009/10, 2014/15) Çernoqoriya çempionu olub. Üç dəfə isə komandaya Çernoqoriya kubokunu qazanmaq nəsib olub - 2006/07, 2009/10, 2010/11.
İkiqat Çernoqoriya çempionu avrokuboklarda cəmi beş dəfə iştirak edib. Qitə arenasında keçirdiyi 14 oyunda cəmi 3 qələbəsi olan komanda iki dəfə heç-heçə etdiyi halda, qalan oyunlarını məğlubiyyətlə başa vurub. Komanda iki dəfə bir mərhələ keçməyə nail olub. İlk dəfə 2010/11 mövsümündə ÇL-də San-Marino "Tre Fiori"ni keçən "Rudar" ardından Bolqarıstan "Liteks"inə uduzmuşdu. Sonuncu dəfə isə bu komanda Avroliqada Ermənistan "Mika"sını keçdiyi halda, Polşa "Şlensk"ini keçə bilməmişdi.
Komandanı yerli mütəxəssis Mirko Mariç çalışdırır. Komandanın əsasını yerli futbolçular təşkil etsə də, Yaponiyadan üç legioner də var. Futbolçularının ümumi transfer qiyməti 2 630 000 avrodur.
"Rudar" ev oyunlarını doğma şəhərdəki "Qradski" stadionunda keçirir. Sözügedən arena 10 min azarkeş tutumuna malikdir.
