Elmar Baxşiyev: Qəbələ Neftçi və İnterlə müqayisədə daha şanslıdır
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Elmar Baxşiyev "Qəbələ", "İnter" və "Neftçi"nin Avropa Liqasındakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Avroliqadakı ümidlərimizi "Qəbələ" doğrulda bilər. O da təbii ki, münasib rəqib düşəcəyi halda mümkün olacaq. Komandada böyük dəyişikliklər baş verdi. Sergey Zenyevlə Vitali Vernidubu öncədən də tanıyırdım. Yaxşı futbolçulardır. Fikrimcə, onlar "Qəbələ"yə kömək edə biləcəklər. Düzdür, potensial rəqiblər arasında İngiltərə "Vest Hem"i də var. Amma onlar istisna olmaqla, qəbələlilər istənilən potensial rəqibini mübarizədən kənarlaşdıra bilərlər.
"İnter"in indiki vəziyyəti hər kəsə məlumdur. Demək olar ki, bütün futbolçular komandanı tərk edib. Yeni heyət formalaşdırılır. Fikrimcə, Yuri Fomenkonun qaytarılması, Mirhüseyn Seyidovun transfer olunması komanda üçün faydalı olacaq. Amma Avroliqada uğur qazanmaq üçün daha güclü, balanslaşdırılmış komandaya malik olmaq lazımdır. İstənilən halda "İnter" bir mərhələ keçə bilər. Çünki rəqibləri "Qəbələ"ninki ilə müqayisədə daha münasibdir. Bakılılar daha 4-5 futbolçu transfer etsələr, yaxşı olardı.
"Neftçi"də də dəyişiklik çoxdur. Samir Əliyevin baş məşqçi təyin olunması məni sevindirdi. Amma ondan indiki heyətlə Avroliqada uğur tələb etmək olmaz. Əksər futbolçular gəncdir, avrokubok təcrübəsi yoxdur. "Neftçi"nin heyəti güclənsə, komandadan uğur gözləmək olar. Fikrimcə, Avroliqadakı təmsilçilərimiz arasında "Qəbələ" məhz heyətini saxladığına görə, pley-offa kimi irəliləyə bilər. Amma yenə də deyirəm ki, hər şey klublarımızın hansı rəqiblərlə düşməsindən asılı olacaq.
