Prosineçki: Azarkeşlər yenə yığmaya inanmağa başlayıblar
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçiriləcək növbəti oyun öncəsi ölkəsindən olan jurnalistlərə növbəti açıqlamalar verib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Xorvatiya yığmasına Bakıda asan olmayacaq. Azərbaycan yığması artıq başqa komandadır, indi tam fərqli oyun sərgiləyir. Əlbəttə, hamımız başa düşürük və bilirik ki, Xorvatiya favoritdir. Amma yenə də deyirəm ki, onlara asan olmayacaq".
Prosineçki Azərbaycandakı həyatından da söz açıb: "Bakıda ailəmlə birgə yaşayıram. Yerli çempionatın oyunlarına gedirəm. Milliyə ən yaxşı futbolçuları cəlb etməyə çalışıram. Komandada əla atmosfer yaratmağa nail olmuşuq. Azarkeşlər yenidən yığmaya inanmağa başlayıblar. Təbii ki, onlar komandanın seçmə mərhələyə ardıcıl dörd məğlubiyyətlə başlayacağını gözləmirdilər. Məhz bu məğlubiyyətlərdən sonra komandaya inam azalmışdı. Son oyunlarda sərgilədiyimiz futbol və qazandığımız nəticələrlə bu inamı yenidən artırmağa nail olmuşuq".
"Bakı möcüzəli, müasir şəhərdir, insanları çox gözəldir. Burada yeni tikililər çoxdur. Bu da yerli infrastrukturu yaxşılaşdırmaq üçün çoxlu investisiyanın yatırılmasından xəbər verir".
"Azərbaycan Premyer Liqası demək olar ki, Xorvatiya çempionatı ilə eyni səviyyədədir. İnfrastruktur çox yaxşıdır. Mənim üçün yığma ilə AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaq çox əla ssenari ola bilər. Çünki qitə birinciliyinin dörd oyunu məhz Bakıda keçiriləcək".
