"Bildiyimə görə, bu yaşda komandalarımız heç vaxt rəsmi oyunlara 3 xalla start verməyib"
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Cəmil Hacıyev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Farer adalarına qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:
"Oyundan əvvəl məşqçilərimiz qarşılaşmanın çətin keçəcəyini demişdilər. Çünki qələbə qazanmaq vacib idi. Belədə futbolçular təzyiq altında olurlar. Özümüz də başa düşürdük ki, Almaniya, Avstriya yığmalarına qarşı oynamaq daha asan olacaq. Ona görə ki, həmin oyunlarda “ikinci nömrə”dən oynamalı olacağıq. Bu oyunda isə mütləq qələbə qazanmalı idik, daha doğrusu, buna borclu idik. Asan olmadı, amma sonda istədiyimiz nəticəni əldə etdik.
Oyuna uyğunlaşmaq üçün vaxtımız da az oldu. Farer adalarına gəldiyimiz gün hava şəraiti məşq keçməyimizə imkan vermədi. Bu da müəyyən çətinlik yaratdı. Amma iki həftə ərzində düzgün məşq prosesi keçməyimiz köməyimizə çatdı. Əsas odur ki, 90 dəqiqə fiziki cəhətdən yorulmadan mübarizə apardıq və qələbə qazandıq.
Qrup mərhələsinə qələbə ilə başlamaq çox vacib idi. Bildiyimə görə, bu yaşda komandalarımız heç vaxt rəsmi oyunlara 3 xalla start verməyib. Bu uğurun davamını gətirməliyik. Ən azı, ötənilki nəticəmizi yaxşılaşdırmalıyıq. Bunu bacaracağımıza inanıram. İstəmirəm ki qrupumuzdakı digər komandalar bizə zəif rəqib kimi yanaşsınlar. Sübut etməliyik ki, biz də futbol oynamağı bacarırıq”.
