Elvin Yunuszadə: Qarabağı seçməklə düzgün seçim etmişəm
"Qarabağ"ın yeni müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibəsi
- Ağdam klubuna keçməklə bağlı nə deyə bilərsiniz?
- İki illik müqavilə bağladıq. Artıq hər şey rəsmiləşib. Təklif gəldi, mən də qəbul etdim. Baş məşqçi Qurban Qurbanov özü məni komandada görmək istəyirdi. Bununla bağlı söhbətimiz də oldu.
- Nədən danışdınız?
- O, hər şeyin yaxşı olacağına əminliyini vurğuladı. Çiyin-çiyinə çalışacağıq.
- AZAL-ın da sizinlə maraqlandığı bildirilirdi...
- Xeyr. Bu klubla heç bir söhbətimiz olmayıb. İlk dəfə sizdən eşidirəm.
- Demək olar ki, Admir Teli ilə Şəhriyar Əliyevin "Qarabağ"dan getməsi sizə yol açdı?
- Əsas heyətə düşmək üçün səbrli olmaq lazımdır. Allah eləsin ki, özümü yaxşı tərəfdən göstərə bilim.
- "Qarabağ"da "Neftçi" ilə müqayisədə az alacaqsınız?
- Yeni müqaviləm məni tam qane edir.
- Niyə məhz Ağdam klubunu seçdiniz?
- "Qarabağ"ı yaxşı oyununa görə seçmişəm. Komandanın hədəfləri var, işləri göz önündədir. "Qarabağ"dakı indiki atmosfer çox xoşuma gəlir. Baş məşqçi amili böyük rol oynadı. Qurbanovun futbolumuza necə futbolçular bəxş etdiyinə nəzər salsaq, "Qarabağ"ı seçməklə düzgün seçim etdiyimi deyə bilərəm.
- Komandaya nə vaxt qoşulacaqsınız?
- Komanda ilə birgə Avstriya toplanışına yollanacağam.
- "Neftçi"nin mövsümün başa çatmasını gözləmədən sizinlə yolları ayırmasına görə bu klubdan incik deyilsiniz?
- "Neftçi" barədə heç nə danışmaq istəmirəm. Avropa Oyunlarında onlara uğurlar arzulayıram.
- Əcnəbi klublardan dəvət var idi?
- Əksər xarici klublar hazırda istirahətdədir. Ona görə də heç bir klubla xüsusi danışığım olmayıb. Vaxt itirmək istəmirdim. Çox ümid edirəm ki, "Qarabağ"dan yığma komandaya da dəvət alacağam. Çünki millidə oynamaq şərəfdir. Öncədən nəsə demək istəməzdim. Amma təbii ki, "Qarabağ" yeni mövsümdə də böyük hədəflər uğrunda mübarizə aparacaq. Niyə də klub yeni tarix yazmasın? Fikrimcə, "Qarabağ" buna nail olacaq gücdədir.
