Ruslan Qurbanov: Sübut etmək istəyirəm ki...
Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun azerisport.az saytına müsahibəsi
- Norveçlə oyun barədə nə deyə bilərsiniz?
- Çətin oyun oldu. Norveç güclü komandadır. Həm də səfərdə dolu tribunalar qarşısında oynamaq asan deyildi. Amma biz rəqibin öhdəsindən gələ bildik. Komanda baş məşqçinin bütün tapşırıqlarının öhdəsindən gəldi. Ona görə də uğurlu nəticə qazana bildik.
- Qolsuz heç-heçə sizin üçün nə dərəcədə gözlənilməz oldu? Hər halda norveçlilərin yığmamızdan belə oyun gözləmədiyi hiss olunurdu...
- Bu, futboldur. İstənilən rəqibə qarşı oynamaq oar. Hər şeyi düzgün edəndən sonra, yaxşı nəticəyə nail olmaq mümkündür.
- İki dəfə rəqib qapısına yol tapmağa yaxın olsanız da, yararlana bilmədiniz. Nə mane oldu?
- Bəli, təəssüf ki, həmin imkanlardan yararlana bilmədim. Fikrimcə, mənə ustalıq səviyyəsi bəs etmədi. Düzdür, bir epizodda rəqib müdafiəçidən sıyrıldığımı düşünmüşdüm, amma sonra onun yanımda olduğunu gördüm. Qol vurmağa çox cəhd göstərdim. Lakin alınmadı. Əsas odur ki, uduzmadıq.
- Siz "Hayduk"u rəsmən tərk etmisiniz?
- Bəli, rəsmən.
- Xorvatiya çempionatındakı çıxışınızı necə qiymətləndirə bilərsiniz?
- Fikrimcə, Xorvatiyaya getməklə heç nə itirmədim. Legioner həyatı yaşadım, yerli mentaliteti tanıdım. Splitdə yaşamaq çox xoş idi. Sadəcə, oynamaq şansı qazanmırdım. Ona görə də Xorvatiyada qalmaqda məna görmədim. "Hayduk" rəhbərliyinə təşəkkürümü bildirirəm. Onlara yeni mövsümdə həm çempionatda, həm də Avropa Liqasında uğurlar arzulayıram.
- "Neftçi"yə qayıdacaqsınız?
- Mən oynamaq istəyirəm. Ona görə də qayıdıb sübut etmək istəyirəm ki, "Neftçi"nin əsas heyətində oynamağa layiqəm.
- Sizinlə xarici klublar da maraqlanır. Növbəti mövsümdə sizi "Neftçi"də görəcəyik, ya başqa klubda?
- "Neftçi" ilə təlim-məşq toplanışına yollanacağam. Amma komandada qalıb-qalmayacağım hələ bəlli deyil.
