Zaur Svanadze: Avropa Liqasında layiqli çıxış etmək üçün əlimizdən gələni edəcəyik
"İnter"in baş məşqçisi Zaur Svanadzenin azerisport.az saytına müsahibəsi
- Hazırlıq necə gedir?
- Məşq edirik, tədricən komanda formalaşdırmağa çalışırıq. İşimiz çoxdur və çətindir.
- "İnter" artıq Georgi Lomaya, Yuri Fomenko və Mirhüseyn Seyidovla müqavilə imzalayıb. Daha kimləri dəvət etməyi düşünürsünüz?
- Laşa Kasradze və Nika Kvekveskiri ilə də 1 illik müqavilə imzalamışıq. Onlar heyətimizə güc qatacaqlar.
- Xuan Fransisko da "İnter"ə keçəcək?
- Onunla danışıqlar hələ davam edir.
- Komandanı sıfırdan yığmağa başlamısınız. Yeni mövsümdə bu komandadan nə gözləmək olar?
- Ümid edirəm ki, mümkün qədər yaxşı komanda formalaşdırmış olacağıq. Çətin olacaq. Amma Avropa Liqasında layiqli çıxış etmək üçün əlimizdən gələni edirik və edəcəyik.
- "İnter"in bundan sonra əvvəlki qədər güclü olmayacağını demək olar?
- Əlbəttə. Özünüz də görürsünüz ki, bu, həmin komanda deyil. Yenidən komanda yaratmalı olduq. Bu komandanın əvvəlkindən nə dərəcədə zəif olacağını isə zaman göstərəcək. Biz əlimizdən gələni edirik ki, bu fərq maksimum az olsun.
- Belə bir komandanı çalışdırmağa necə razı oldunuz?
- Çətinlikdən qaçmağa ehtiyac görmədim. Çünki çətinlik insanı daha da güclü edir. Mən də çətinlikdən qaçan insan deyiləm. Ümid edirəm ki, "İnter"i güclü komandaya çevirə biləcəyəm. Hər şeyə rəğmən, biz növbəti Azərbaycan çempionatında güclü çıxış etməyi düşünürük.
- Artıq iki həftə sonra Avropa Liqasında yeni mövsüm başlayacaq. Hələ ötən mövsümün pulunu almamış futbolçuları oyunlara kökləmək çətin olmayacaq ki?
- Çətindir. Amma problem olmaması üçün əlimizdən gələni edəcəyik. Biz peşəkarlarıq, pul söhbətləri oyunumuza, işimizə təsir göstərməməlidir. Peşəkar futbolçu meydanda pulu düşünmür.
- Klub maliyyə probleminə görə ölkə xaricinə yollanmaqdan da imtina edib. Bu, hazırlığa təsir etmir?
- Biz komandanı yenidən yığmışıq. İndi ölkə xaricinə təlim-məşq toplanışına yollanmağa ehtiyac da yox idi. Hazırda 15 futbolçu ilə məşq edirik.
- Bakıda sınaq oyunu keçirməyə rəqib tapa biləcəksiniz?
- Çətin ki. Ola bilər "Qəbələ" ilə yoxlama görüşü keçirək.
