Vadim Ağarəhimov: Əsas hədəfimiz qrupdan çıxmaqdır
Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Vadim Ağarəhimovun azerisport.az saytına müsahibəsi
- Hazırlıq necə keçir?
- Hər şey qaydasındadır. "Nordsyelland" klubu ilə yoxlama oyunu keçirdik və qələbə qazandıq.
- Yığmamızın Farer adaları ilə qarşılaşmaya hazır olduğunu demək olar?
- İyunun 1-dən 9-dək Bakıda yaxşı hazırlıq keçdik. İkinci toplanışımız isə Danimarkada oldu. Komandamız çox yaxşı vəziyyətdədir. Fikrimcə, Farer adaları ilə oyuna tam hazırıq.
- Bu komanda ilə görüş seçmə mərhələdə ilk oyununuz olacaq. Komandamız hansı nəticəyə imza ata bilər?
- Biz bütün oyunlara qələbə üçün çıxmalıyıq. Farer adaları ilə görüşdə də 3 xal qazanmaq bizim üçün çox vacibdir. Bunun üçün əlimizdən gələni etməyə hazırıq.
- Komandanın bütövlükdə seçmə mərhələ üçün hansı hədəfləri var?
- Əsas hədəfimiz qrupdan çıxmaq, növbəti mərhələyə adlamaqdır. Amma bunun üçün maksimum güc sərf etməyimiz lazımdır. Hər bir oyuna final görüşü kimi çıxmalıyıq. Çünki rəqiblərimizin heç biri zəif komanda deyil.
- Almaniya, Rusiya, Avstriya, Finlandiya kimi rəqiblərlə bir qrupda oynayacaq komandamız dəqiq qrupdan çıxmaq uğrunda mübarizə apara biləcək?
- Bəli. Əlbəttə, belə rəqiblərlə bir qrupda oynamaqla növbəti mərhələyə vəsiqə qazanmaq çox çətin olacaq. Amma bu yolda əlimizdən gələni edəcəyik. Hər şey öz əlimizdədir.
- Digər rəqiblər də Azərbaycanla Farer adalarını qrupun autsayderləri hesab edir...
- Allah eləsin ki, bütün rəqiblərimizə öz gücümüzü göstərə bilək. Hər bir oyuna rəqibin kimliyindən asılı olmayaraq, ancaq qələbə üçün çıxacağıq.
