Vüqar Nadirov: Qarabağı daha çox oynamaq istədiyim üçün tərk etmişəm
Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi
- Norveçlə seçmə mərhələ oyunu barədə nə deyə bilərsiniz?
- Matç bizim üçün çox yaxşı alındı. Topa pis nəzarət etmədik. Robert Prosineçki də məhz topa yaxşı nəzarət etməyi, özümüzdə saxlamağı tapşırmışdı.
- Komandamız qələbə qazana bilərdi?
- Fikrimcə, hə. Sadəcə, son nöqtəni qoya bilmirdik. Amma belə ideal oynadıq.
- Eyni zamanda bəxtimiz də gətirdi...
- Bu, futboldur, biz elə edə bilməzdik ki, rəqib ümumiyyətlə qapımız qarşısında təhlükəli vəziyyət yaratmasın. Bizim də qol şanslarımız oldu, vura bilmədik. Ona görə elə norveçlilərin də bəxtinin gətirdiyini demək olar.
- Sizə elə gəlmir ki, start heyətdə meydana çıxmağınız daha faydalı ola bilərdi. Çünki "Qarabağ"da Əfran İsmayılovla uzun müddət bir yerdə oynadığınıza görə bir-birinizi daha yaxşı başa düşərdiniz...
- Bu, baş məşqçinin qərarı idi. Ona da hörmətlə yanaşmaq lazımdır. Düzdür, Əfranla yaxşı anlaşırı. Amma baş məşqçi fərqli start heyəti müəyyənləşdirmişdi.
- Yığmamız bundan sonra qrupda nə uğrunda mübarizə aparacaq?
- Mümkün qədər çox xal toplamaq üçün.
- "Qarabağ"dan ayrılmağınıza nə səbəb oldu?
- Qismət belə imiş.
- Bəs deyirlər maliyyə məsələsində razılaşa bilməmisiniz?
- Xeyr, mən sadəcə, daha çox oynamaq istəyirəm.
- "Xəzər Lənkəran"a gedirsiniz, ya "Qəbələ"yə?
- Hələ heç nə məlum deyil.
- Qurban Qurbanov deyir ki, sizdən cavab gözlədiyi bir vaxtda eşidib ki, komandanı tərk etmisiniz...
- Mən klub rəsmilərindən də birinə yazmışdım ki, daha çox oynamaq istəyirəm. Gedişimin də əsas səbəbi budur.
- Əcnəbi klublara keçmək variantı var?
- Hələ bu barədə düşünmürəm.
