Qarayev: Malaqada əlimdən gələni edəcəyəm ki, Azərbaycanı futbol ölkəsi kimi tanıtdırım
Azərbaycanın U-17 yığmasının kapitanı və hücumçusu Qara Qarayevin azerisport.az saytına müsahibəsi
- İspaniyaya nə vaxt gedəcəksiniz?
- Bütün məsələlər artıq həllini tapıb. İyulun sonunda Malaqaya gedəcəyəm. Çünki mövsüm o vaxt başlayacaq.
- Tək gedəcəksiniz, ya ailənizlə?
- Məni AFFA rəsmiləri müşaiyət edəcəklər.
- Klub sizin üçün nə kimi şərait yaradacaq?
- Mənim üçün orada mənzil götürəcəklər. Orada yaşayacağam.
- Bəs maaşınız?
- Bu barədə hələ söhbət etməmişik.
- Yəqin ki, "Əlincə"də aldığınızdan daha çox alacaqsınız...
- "Əlincə"də maaş almıram. Amma bu baxımdan problem yoxdur. Mənim üçün əsas futbol oynamaqdır. Mənə inandıqları, oynamağa şərait yaratdıqlarına görə təşəkkür edirəm. "Malaqa" da mənim üçün yaxşı olmasına çalışır.
- Neçə illik müqavilə bağlamağa hazırlaşırsınız?
- İki-üç illik.
- Hansı komandada oynamağa hazırlaşırsınız?
- 19 yaşadək futbolçulardan ibarət komandada.
- Sizi komandaya kim cəlb etmək istəyir?
- Məni bu komandada məşqçilər və klub rəhbərliyi görmək istəyir. Özümə inanıram. Çalışacağam ki, yüksək səviyyədə çıxış edim. Özümə güvənməsəydim, "Malaqa" kimi komandaya getməzdim. İki-üç ildən sonra bu klubun əsas komandasında oynamaq istəyirəm.
- "Malaqa"ya görə təklifini qəbul etmədiyiniz klublar oldu?
- Azərbaycandan real təkliflər yox idi. Məni bir neçə əcnəbi klub dəvət edirdi. Amma mən "Malaqa"nı seçdim.
- Oyununuz alınmasa, "Malaqa" sizi başqa kluba icarəyə verə bilər?
- Bu barədə söhbətimiz olmayıb. Pis şeylər haqda düşünmək istəmirəm. Hər şey özümdən asılıdır. Uğurlu çıxış edib, əsas komandaya cəlb olunmaq istəyirəm.
- İspan dilini bilməməyiniz problem yaratmayacaq?
- Mən ingiliscə danışa bilirəm.
- Azərbaycanın futbol ölkəsi kimi tanınmaması sizə əlavə çətinlik yaradacaq?
- "Malaqa"da əlimdən gələni edəcəyəm ki, Azərbaycanı futbol ölkəsi kimi tanıdım.
- Ümumiyyətlə, bu kluba azarkeşlik edirsiniz?
- İnanın ki, "Malaqa" həmişə mənim xoşuma gəlib. Amma mən təsəvvür edə bilməzdim ki, nə vaxtsa "Malaqa"da çıxış edə bilərəm.
- Yəqin ki, tezliklə Nordin Amrabat, Karlos Kameni, Duda kimi ulduzlarla görüşmək şansı qazanacaqsınız...
- Onları yaxından görmüşəm. Çünki "Malaqa"da baxışda olmuşam. Elə onda görmüşdüm (gülür).
- Əksəriyyət sizi "Qarabağ"dakı Qara Qarayevlə səhv salır. Onlar elə bilir ki, "Malaqa"ya Ağdam klubunun yarımmüdafiəçisi gedir...
- (gülür) Qara məndən yaşca böyükdür. O, Azərbaycanda ən sevdiyim futbolçulardan biridir. O, 2 nömrəli Qaradır, mən isə 9 nömrəli (gülür).
