Səlahət Ağayev: İnterdən Avroliqanın qrupuna düşməyi gözləmək gülməli olar
Azərbaycan yığmasının və "İnter"in qapıçısı Səlahət Ağayevin azerisport.az saytına müsahibəsi
- İşləriniz necə gedir?
- Dağa getmişəm (gülür). Bir qədər doğma diyarda istirahət etməyə qərar verdim. Ona görə də Fizulidəyəm. Qarşıda məni gərgin mövsüm gözləyir. Buna qədər bir qədər istirahət etmək lazımdır.
- "İnter"də qalacaqsınız, ya iş yerinizi dəyişmək fikriniz var?
- "İnter"də qalacağam. Artıq yarım illik müqavilə də imzalamışam.
- Niyə ancaq altı aylıq?
- Fikrimcə, indiki məqamda belə daha yaxşıdır. Sonra müddəti artırmaq da olar. Bunda problem görmürəm. Klub da elə altı aylıq müqavilədə maraqlı idi.
- Klubun maliyyə çətinliklərindən əziyyət çəkdiyi məlumdur. Bu baxımdan sizi hər şey qane edir?
- "İnter"də pulsuz oynamağa da hazıram. Başqa klublarla da danışıq aparırdım. Doğma klubumda qalmaq düşünmədən müqavilə bağlamaqdan daha yaxşıdır.
- Sizin "Xəzər Lənkəran"la danışıq apardığınız məlum idi. Amma klub rəsmilərinin dediyinə görə, onlardan çox pul tələb etmisiniz...
- Mən elə də çox pul tələb etməmişdim. Dediyim məbləği özümə görə qəbul oluna bilən hesab edirəm.
- "İnter" futbolçulara olan borcunu ödəyib?
- Hələ yox. Amma ödəniləcəyinə söz veriblər. Gözləyirik.
- Yenidən qurulmağa başlayan komandanız barədə nə düşünürsünüz?
- Əlbəttə, asan olmayacaq. İndiki məqamda "İnter"dən Avropa Liqasının qrup mərhələsinə çıxmağı gözləmək gülməli olardı. İki mərhələ keçə bilsək, bunu "İnter" üçün uğurlu nəticə saymaq olar. Amma indidən hədəf müəyyənləşdirmək hələ tezdir. Görək Avroliqanın startına qədər komandamız nə qədər güclənə biləcək.
