Robert Prosineçki: Doğma meydanda Xorvatiyanı əziyyətə salası gücdəyik
Azərbaycan yığamasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirilmiş və qolsuz bitən qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Futbolçularımız Norveçə qarşı çox yaxşı oynadılar. Bizim üçün çətin oyun olacağını gözəl bilirdim. Çünki Norveçin əla komandası var. Amma bizim də onlara qarşı layiqli müqavimət göstərə biləcək gücümüz var idi. Zaman baxımından biz topa daha çox nəzarət edirdik".
Prosineçki bəyan edib ki, Azərbaycan yığması həmin gün uduzmamağa borclu imiş: "Azərbaycan üçün həmin gün tarixi bir gün idi. Çünki elə həmin axşam ilk dəfə bu ölkədə təşkil olunan Avropa Oyunlarının açılış mərasimi baş tutdu. Biz isə çətin səfərdə bir xal qazandıq. Bu nəticə bizim üçün əla hesab oluna bilər".
Yığmamızın baş məşqçisi Azərbaycan - Xorvatiya matçına da toxunub: "Bu komandalar arasında Xorvatiyada baş tutmuş qarşılaşma Azərbaycanın 0:6 hesablı darmadağını ilə başa çatıb. Amma bu, komandanın əsl gücünün göstəricisi deyil. Mən Xorvatiya millisinə mütləq qalib gələcəyimizi demirəm. Lakin doğma meydanda onları əziyyətə salası gücdəyik".
