Asif Məmmədov: Roman Qriqorçuk razı olmasa, Qəbələyə heç bir futbolçu keçə bilməz
"Qəbələ"nin yeni transferi Asif Məmmədovun azerisport.az saytına müsahibəsi
- "Qəbələ"yə keçidiniz necə alındı?
- Bu keçidlə bağlı söhbətlər çoxdan var idi. Amma müəyyən detallar var idi ki, klubla razılığa gələ bilmirdik. Bu isə keçmişin işidir. "Qəbələ" mənimlə hələ mövsümün əvvəlində müqavilə bağlamaq istəyirdi. Təklif aldığım klublar arasında "Qəbələ" ən yaxşı infrastruktura malik komandadır. Bura futbol üçün əla yerdir. Ola bilər ki, hansısa klub daha çox pul təklif edirdi. Amma mən şəraitinə, iddialarına, rəhbərliyinə görə məhz "Qəbələ"ni seçdim.
- Baş məşqçi amili nə dərəcədə rol oynadı?
- Bir müddət öncə klub rəhbərliyi ilə görüşdüm. Klubun vitse-prezidenti Fariz Nəcəfov mənə dedi ki, Qriqorçuk elə məşqçidir ki, onun razılığı olmadan komandaya heç kimi transfer edə bilməz. Ona görə mənim keçidimə də məhz baş məşqçi qərar verib. Həm də mən 2007-ci ildə bu komandada oynamışam.
- Sizin "Xəzər Lənkəran" və "Neftçi" ilə də danışıq apardığınız deyilirdi...
- Bəli, elə söhbət var idi.
- Neçə illik müqavilə bağlamısınız?
- Bir illik.
- Avropa Liqasına kimi komandaya uyğunlaşa biləcəksiniz?
- Komandaya yeni keçən futbolçulardan Samir Zərgərov mənim dostumdur. Uşaqların əksəriyyətini tanıyıram, ona görə də uyğunlaşmaqda çətinlik çəkməyəcəyəm. Oyun isə futbolçunun özündən asılıdır. Özünü göstərə biləcəksənsə, heyətə düşəcəksən. Bunun üçün isə ikiqat çalışmalıyam.
- Rauf Əliyev, Əfran İsmayılov və Cavid Hüseynov "Bakı"nı tərk edəndə çoxlu söz-söhbət oldu ki, klubu maliyyə problemi ilə üzləşən kimi, atıb getdilər. Sizin haqqınıda da eyni söhbətlərin olmasından qorxmursunuz?
- Belə söhbətlər olacaq. Heç kim hardasa pulsuz çalışmır. Çünki ailəni dolandırmaq üçün pul qazanmaq lazımdır. "İnter" mənə dörd ayın pulunu verməyib. Amma biz yenə də meydana çıxırdıq, oynayırdıq, sonda komandaya gümüş medal qazandırdıq. Öz borcumu yerinə yetirmişəm. Əlbəttə, "İnter" də mənim üçün çox iş görüb. Nəyə nail olmuşamsa, hamısını "İnter"lə etmişəm. Amma hamı indi bilir ki, klubun vəziyyəti indi çox pisdir.
- "İnter" pulunuzu verməsə, necə olacaq?
- Yəqin ki, verərlər. Amma verməsələr, nə edə bilərəm ki? Klub prezidenti ilə son görüşümüzdə kitabçasına kimə nə qədər borclu olduqlarını yazmışdı.
