Rəşad Sadıqov: Robert Prosineçki oyundan öncə bizə uduzmayacağımızı dedi
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
- Norveçlə oyun barədə nə deyə bilərsiniz?
- Çox vacib xal qazandıq. Əsas odur ki, uduzmadıq. Görüşün vacibliyini başa düşürdük. Öz aramızda danışmışdıq ki, ölkəmiz Avropa Oyunlarının açılış gününü qeyd etdiyi bir vaxtda daha bir sevinci biz yaşatmalıyıq. Açılışın əvvəlinə baxmaq imkanımız da oldu. Oyunun məsuliyyətini dərk edirdik. Yaxşı nəticə ilə qayıdıb, Azərbaycan xalqını sevindirmək istəyirdik. Allaha şükür ki, istəyimizə çatdıq.
- Rəqib ikinci hissədə iki yüz faizli qol vəziyyəti yaratdı. Amma yığmamız demək olar ki, topu özündən saxlamaqdan başqa heç nə edə bilmədi...
- Biz müdafiə futbolundan hücum futboluna tədricən keçməliyik. Artıq dağıdıcı futbol oynamırıq. Fikrimcə, zaman keçdikcə oyunumuz daha yaxşılaşacaq və biz də hücum futbolu sərgiləyəcəyik. Rəqibə 90 dəqiqə ərzində bir dənə də qol imkanı verməmək isə mümkünsüzdür. Norveç qrupdan çıxmaq üçün mübarizə aparırdı. Üstəlik, doğma meydanda çıxış edirdilər. Bu üzdən onların qapımız qarşısında təhlükəli vəziyyətlər yaratması normal idi. Uşaqlar sonadək vuruşdular. Kamran da bu oyunda inamlı çıxış etdi.
- Rəqib qrupdan çıxmaq üçün mübarizə aparır. Bəs biz?
- Bizim üçün indiki məqamda yaxşı komanda formalaşdırmaq lazımdır. Baş məşqçi yenidir və o, gələcəyin komandasını yaratmağa çalışır. Qarşıda Xorvatiya ilə ev oyunu var. Daha sonra Malta ilə səfər oyununa yollanacağıq. Mübarizəmizi davam etdiririk. Nəyə nail olacağımızı sonda görəcəyik.
- Demişdiniz ki, Osloda məğlub olmasanız, bu mövsümü özünüz üçün karyeranızın ən yaxşısı hesab edəcəksiniz...
- Bəli. Elə də oldu. Bu mövsüm alınmayan yeganə məqam elə seçmə mərhələyə uğursuz start verməyimiz oldu. Amma sonradan "Qarabağ"la Premyer Liqanın, kubokun qalibi olduq. Artıq sakitcə istirahətə gedə bilərəm. Norveçlə oyun bizim üçün çox vacib idi. Yaxşı oyun sərgiləmək vacib idi. Yaxşı top saxladıq. Komandamızda inkişaf hiss olunur. Çünki əvvəllər belə oynamırdıq. Bu, Azərbaycan yığmasında yeni eradır. Belə oyunlar futbolçuların özlərinə də əlavə inam verir.
- Bəs baş məşqçi Robert Prosineçki?
- Oyundan öncə bizimlə söhbəti oldu. Bildirdi ki, uduzmayacağınıza zəmanət verirəm. Məşqçi inamı çox önəmlidir. Bəlkə də mənim yığma karyeramda hələ mənə bu qədər güvənən məşqçi olmamışdı. O, bizə inanır və bizi inandırır ki, uğur qazana bilərik.
