Arif Əsədov: Norveçlə oyunda 19 il əvvəlki nəticənin təkrarlanmasına inanmıram
"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədovun azerisport.az saytına müsahibəsi
- Yığmamızın Norveçlə oyunundan nə gözləyirsiniz?
- Yaxşı nəticəyə ümid edirik. Serbiyaya uduzmağımıza baxmayaraq, birinci hissədə yaxşı oynadıq. İkinci hissədə isə məşqçi digər futbolçulara şans verdi. Robert Prosineçki üçün Norveçlə görüş seçmə mərhələdə ikinci oyun olacaq. Minimum heç-heçəyə nail olmaq. Bu, həm baş məşqçi, həm də komandamız üçün müsbət nəticə sayıla bilər.
- Vaxtilə siz Norveç yığmasına qarşı futbolçu kimi oynamısınız. Amma 1996-cı ilə təsadüf edən səfər matçında 0:5, 1997-ci ildəki ev oyununda 0:1 hesabıyla uduzmusunuz...
- Həmin oyunda biz 5 topdan dördünü "ikinci mərtəbə"də zəif oynadığımıza görə buraxdıq. O vaxt norveçlilər hava toplarından daha çox istifadə edirdilər. Onlar həmişə standart vəziyyətlərindən uğurla yararlanırlar. Bizdə isə bu, həmişə ağrılı yerlərdən biri hesab olunur.
- Yenə böyük hesabla uduzmaq qorxusu var?
- İnanmıram ki, həmin darmadağın təkrarlansın. Onlar indi bir qədər fərqli oynayırlar. Onların Bakıda millimizə qarşı oyununu görmüşdüm. Hazırda bu komanda yerlə oynamağa, ötürmələrdən daha çox istifadə etməyə çalışır.
- İstənilən halda bu komanda ilə oyunlarımızın statistikası ürəkaçan deyil...
- Bu, sadəcə, statistikadır. Fikrimcə, yığmamız bu dəfə uğur qazana bilər.
- Millimizin serblərlə görüşü ürəkaçan nəsə vəd etdi?
- Oyunun əvvəlində bizimkilərə bir qədər çətin oldu. Çünki serblər dərhal hücuma atıldılar. Sonradan oyun bərabərləşdi. Hiss olunurdu ki, uşaqlar topa daha çox nəzarət etməyə çalışırlar.
- Bu oyunda hansı futbolçular daha çox diqqətinizi çəkdi?
- Ruslan Abışovla Dmitri Nazarovun. Hər ikisi çox yaxşı oynadı. Nazarovda özünəəminlik çoxdur və hiss olunur ki, qərarlar verməyə çətinlik çəkmir. Almaniya çempionatında çıxış etməsi sözünü deyir. Bir neçə gənc oyunçunun millidə debüt etməsi də sevindirici məqamlardan idi. Məsələn, Coşqun Diniyev özünü yaxşı tərəfdən göstərdi.
- Bu oyunda 4 qol buraxan Kamran Ağayevə tənqidlər çoxdur...
- Kamranın qapıda necə dayandığını hamımız gözəl bilirik. Xüsusilə də vacib rəsmi oyunlarda. Fikrimcə, Norveçlə oyunda o, belə səhvlər buraxmayacaq.
- Gələcək üçün nə planlarınız var?
- Hələ ki, heç bir planım yoxdur. İstirahət edirəm.
- Yenidən Azərbaycanın aşağı yaş qruplarından ibarət hansısa yığma komandasına rəhbərlik etməyiniz mümkündür?
- Xeyr. İndi artıq bütün yerlər tutulub. Amma təklif olsa, məmnuniyyətlə baxaram.
