Rauf Əliyev: Dmitri Nazarov əla qol vurdu, amma mən millinin hər bir üzvünə inanıram
Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
- Yığmamızın Serbiyaya məğlubiyyəti sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Oyuna baxmasam da, qolları gördüm. Bir azərbaycanlı kimi böyük hesablı məğlubiyyət məni çox məyus etdi. Əsas odur ki, komanda Norveçlə seçmə mərhələ oyununda yaxşı nəticə göstərsin.
- Komandamız yenə standart vəziyyətlərdən çox qol buraxır...
- Bu, doğrudan da yığmamız üçün əsl problemə çevrilib. Tez-tez qollar buraxırıq. Bu baxımdan Avropa komandaları bizi çox qabaqlayırlar.
- Yığmamız serblərə qarşı göstərdikləri oyunla Norveçə nəsə edə bilər?
- Fikrimcə, Norveçlə oyun serblərlə görüşdən fərqlənəcək. Mənə elə gəlir ki, milli Oslodan yaxşı nəticə ilə qayıdacaq.
- Son dövrlər Dmitri Nazarov yığmamızın vuran ayağına çevrilib. Sizcə, qarşıdakı oyunda da yalnız ondan qol gözləməliyik?
- O, serblərlə görüşdə əla qol vurdu. Həqiqətən də gözəl qol idi. Amma mən qarşıdakı oyunda hər bir futbolçumuza inanıram.
- Son dövrlərə qədər siz yığmanın aparıcı futbolçularından idiniz...
- Əlbəttə, komandanın oyununu kənardan izləmək mənim üçün çox çətindir. Mən də digər futbolçular kimi millimizin şərəfini qorumağı çox istərdim.
- "Neftçi"dən ayrılandan sonra sizin karyeranızı hansı klubda davam etdirəcəyiniz maraq doğurur...
- Böyük ehtimalla yaxın günlərdə bu məsələyə aydınlıq gələcək. Hələ yeni heç nə yoxdur. Düzünü desəm, yerli klublardan heç biri ilə danışıqlar aparmıram.
- Legioner həyatı yaşamağınız daha realdır?
- İndi bu barədə heç nə deyə bilmərəm. Hələ gözləyirəm.
- "Neftçi"dən ayrıldığınıza görə peşman deyilsiniz?
- Keçmiş haqda danışmaq istəməzdim. Olan olub. İrəliyə baxmaq lazımdır.
