Ruslan Qurbanov: Norveç Serbiyadan zəifdir
Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun azerisport.az saytına müsahibəsi
- Serbiyaya 1:4 hesablı məğlubiyyətlə bağlı nə deyə bilərsiniz?
- Birinci hissədə çox yaxşı oynadıq. Fasiləyə qədər hesabı da bərabərləşdirdik. Birinci qolda mənim səhvim var idi, İvanoviçə qol vurmağa imkan verməməliydim. Amma futbolda səhvlər də olur.
- Bu oyun komandamıza nə qazandırdı?
- İlk növbədə təcrübə. Serbiya yığmasının demək olar ki, hər bir üzvü top-klublarda oynayır. Amma biz serblərlə oyunu unudub, Norveçlə oyuna köklənməliyik. Serblərlə oyunda buraxdığımız səhvləri təkrarlamamalıyıq. Yalnız belə olan halda uğurlu nəticəyə ümid edə bilərik.
- Niyə standart vəziyyətlər komandamız üçün problemə çevrilib?
- Serblər "ikinci mərtəbə"də çox güclü oynayırlar. Bizimlə oyunda da bu, aşkar hiss olundu. Fikrimcə, Norveçlə oyun öncəsi səhvlərimiz üzərində çox çalışacağıq.
- Dmitri Nazarovun qolu sizin üçün gözlənilməz olmadı?
- O, doğrudan da gözəl zərbə ilə hesabı bərabərləşdirdi. Bütün komanda yoldaşlarımız Dimanı bu münasibətlə təbrik etdi.
- Robert Prosineçki oyundan sonra nə dedi?
- Ruhdan düşməməyi və səhvlər üzərində daha çox çalışmağımızı xahiş etdi. Heç bir faciə baş verməmişdi.
- Matçı fərqli nəticə ilə başa vurmaq olardı?
- Bəli. Sadəcə, səhvlərimiz buna imkan vermədi. Düşünürəm ki, Serbiya kimi komandalara qarşı tez-tez oynamalıyıq.
- Bəzi futbolçuların yorğun təsir bağışlaması nə ilə bağlı idi?
- Mövsümün sonudur. Amma əminəm ki, Norveçlə oyunadək tam bərpa olacağıq. Yeri gəlmişkən görürəm ki, jurnalistlər məni sevirlər.
- Nə mənada?
- Yazırlar ki, İvanoviçə qarşı zəif oynadım, çatdırmırdım. Kimsə hətta Prosineçkinin mənim menecerim olduğunu yazmışdı. Qoy yazsınlar. Allah hər kəsə can sağlığı versin.
- Bu cür söhbətlər sizə təsir edir?
- Sadəcə, xoşuma gəlmir. Düzdür, bunlar jurnalistdirlər, istədiklərini yazmaq hüquqları var. Amma xoşagəlməz olur.
- Serbiya ilə Norveçi müqayisə etmək olar?
- Serblər, mənə elə gəlir ki, daha güclüdürlər. Amma hər şeyi Oslodakı oyun göstərəcək.
