Pal-Andre Helland bizim müdafiəçiləri güclü hesab etmir
"Rusenborq"un müdafiəçisi Pal-Andre Helland iyunun 12-də keçiriləcək AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki Azərbaycanla oyunda Norveç yığmasında debüt matçına çıxa bilər. Azerisport.az xəbər verir ki, 25 yaşlı vinger millinin düşərgəsinə dəvət alan futbolçular sırasındadır.
O, yığmaya yaxşı əhval-ruhiyyədə gəlib. Çünki ölkə çempionatının son turunda komandasının "Valerenqa" ilə səfər oyununda (2:1) hər iki qolu müdafiəçi olmasına baxmayaraq, məhz Helland vurub. "Rusenborq" isə keçirdiyi 12 oyundan sonra 29 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.
Helland yığmamızla oyun öncəsi fikirlərini də açıqlayıb: "Oyuna tam hazıram. Əla komanda yoldaşlarım var. Hamı daim öz üzərində çalışır. Özümə gəlincə, güclü tərəflərimdən biri qapıçılarla üz-üzə qalanda özümə həmişə inanmağımdır".
Pal-Andre Azərbaycanla oyunda qələbə qazanacaqlarına şübhə etmir: "Düşünmürəm ki, Azərbaycan bizim qarşımıza avtobus qoyacaq. Amma istənilən halda bizə hücum futbolu sərgiləmək lazımdır. Rəqibin səviyyəsindən xəbərimiz var. Düşünmürəm ki, Azərbaycan yığmasında oynayan cinah müdafiəçiləri Norveç klublarında oynayanlardan güclüdürlər. Məsələn, çətin ki, rəqib komanda bizim "Molde"də olan Per-Eqil Flo kimi müdafiəçi var".
"Azərbaycanla oyunda meydana çıxmasam, buna üzüləcəyəmmi? Xeyr, heç bir halda. Əsas Norveçin qələbə qazanmasıdır".
