Georgi Nikolov: Çətin ki, Avroliqada uzağa gedə bilək
"İnter"in prezidenti Georgi Nikolovun azerisport.az saytına müsahibəsi
- "İnter"də işlər necə gedir?
- Yeni mövsümə hazırlaşırıq. İyunun 10-da komandanı bir araya gətirməyi düşünürük.
- Hansı komandanı?
- Qalan futbolçuları. Komandanı Zaur Svanadze bir araya gətirəcək. Kollektivə o rəhbərlik edəcək. Komandanın bir hissəsini əvəzedici heyətin üzləri təşkil edəcək. Hansı ki, bu heyət iki dəfə Azərbaycan çempionu adını qazanıb.
- Amma yəqin ki, yalnız əvəzedici heyətin üzvləri ilə kifayətlənməyəcəksiniz...
- Bu məsələ ilə məşğuluq. Heyətə cəlb etmək istədiyimiz oyunçular var, bunun üzərində çalışırıq. Komandaya təcrübəli futbolçular da cəlb edəcəyik.
- "İnter"də legioner olacaq?
- Böyük ehtimalla olacaq. Əsasən, komandamızda oynayan futbolçulara üstünlük veriləcək. Məsələn, Georgi Lomaya ilə demək olar ki, razılığa gəlmişik. Slavço Georgiyevski də qalacaq. Petar Zlatinovla şəxsən danışıq aparıram. O, qayıtmağa hazırdır.
- İndiki vəziyyəti nəzərə alsaq, komanda Avropa Liqasında uğurlu çıxış edə biləcək?
- Çətin ki, uzağa gedə bilək. Püşkatmaya ümid bəsləyəcəyik. Ümid edirəm ki, püşk üzümüzə güləcək. Normal rəqib olsa, uşaqlar rəqibdən çəkinməsələr, niyə də yaxşı nəticə olmasın?
- Deməli, "İnter"in növbəti mövsümdə Premyer Liqada da iştirakında problem olmayacaq?
- Öncə bizim avrokuboklardakı iştirakımızı tam yoluna qoymaq lazımdır. Ondan sonra çempionatın startını düşünə bilərik. Klubun dağılması məsələsi heç vaxt müzakirə olunmayıb. Klub və AFFA rəhbərliyi ilə çoxlu görüşüm olub. Yekun qərar da klubu həyatda saxlamaq olub.
