Per-Matis Hoqmo: Azərbaycanla oyunda 3 xal yeganə hədəfimizdir
Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo iyunun 7-də İsveçə qarşı keçirəcəkləri yoxlama oyunu, eləcə də ayın 12-də millimizlə AÇ-2016-nın seçmə mərhələ matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Osloda keçiriləcək bu görüşlər ərəfəsində komandasında heç bir itkinin olmamasının sevincini bölüşüb:
"Zədəli futbolçumuzun olmaması çox yaxşıdır. Bu, məni doğrudan da çox sevindirir. Hər iki oyunu doğma meydanda keçirəcəyimiz də sevindirici məqamlardandır".
Hoqmo İsveçlə oyunu Azərbaycanla rəsmi qarşılaşmaya hazırlıq görüşü adlandırıb: "İsveç səviyyəsinə görə yaxşı komandadır. Heyətində Zlatan İbrahimoviç kimi dünyanın ən yaxşı futbolçularından biri var. Amma biz bu komanda ilə oyuna Azərbaycanla görüşə hazırlıq gözü ilə baxmalıyıq. Hansı ki, bu oyunda mütləq qələbə qazanmalıyıq".
Norveçlilərin baş məşqçisi millimizlə oyundakı hədəflərindən də danışıb: "Hazırda seçmə mərhələdə xal ehtiyatımızı yaxşılaşdırmaq üçün yaxşı şans var. Ona görə də Azərbaycanla oyunda 3 xal qazanmaq bizim yeganə hədəfimizdir".
