Araz Abdullayev: Görünür, qismət deyilmiş
"Neftçi"nin kapitanı Araz Abdullayevin azerisport.az saytına müsahibəsi
- "Qarabağ"a məğlubiyyətlə bağlı nə deyə bilərsiniz?
- Meydana qələbə üçün çıxmışdıq. Kuboku qazanmaq istəyirdik. Amma bu mövsümü titulsuz başa vurmalı olduq. Alınmadı.
- Nə mane oldu?
- Ağır oyun oldu. Vuruşduq, mübarizə apardıq. Amma görünür, qismət deyilmiş.
- Sizə elə gəlmir ki, "Neftçi" artıq birinci hissədən sonra məğlubiyyətlə barışmışdı?
- Xeyr, elə deyildi. İki qol buraxsaq da, mübarizəmizi sonadək davam etdirdik. Sadəcə, biz ilk yarıda iki qol buraxacağımızı gözləmirdik. Bu, planlarımıza daxil deyildi.
- Qol vuranda oyunda dönüş yaradacağınıza inandınız?
- Bəli. Çünki hücumlarımızı davam etdirirdik. Başa düşürəm ki, hücumlar o qədər də kəsərli olmurdu. Amma bacardığımız bu oldu.
- Avrokuboklardan nə gözləyirsiniz?
- İndi bir qədər istirahət etmək lazımdır. Çox istərdim ki, komandamız daha çox mərhələ adlasın. Azərbaycanın bütün təmsilçilərinə avrokuboklarda uğurlar arzulayıram.
