Rəşad Sadıqov: Norveçə uduzmasaq, bu mövsüm karyeramın ən yaxşısı olacaq
Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
- "Neftçi" ilə final matçı barədə nə deyə bilərsiniz?
- Gərgin oyun alındı. Bilirdik ki, rəqib kuboku qazanmaq üçün əlindən gələni edəcək. Amma uşaqlar layiqli mübarizə apardılar, sonadək vuruşub, gözəl qələbə qazandıq.
- Lakin rəqib bir qoldan və Kanalesin təhlükəli vəziyyətindən başqa heç nə ilə yadda qalmadı...
- Bu, finaldır. Ola bilər ki, bu gün hər şey bizdə yaxşı alınsın. Rəqib komanda bizə az çətinliklər yaratmadı. Amma əsas odur ki, sonda hər şey bizim üçün yaxşı bitdi.
- Bu mövsümü karyeranızın ən yaxşısı saymaq olar?
- Belə demək olar. Yığmamızın Norveçlə səfər matçından da uğurlu nəticə ilə qayıtsaq, bu mövsüm ümumiyyətlə karyeramın ən yaxşısı olacaq. Klub karyeram nə qədər uğurlu olsa da, yığma karyeramla bağlı bunu əminliklə deyə bilmirəm.
- Osloda sizi hansı nəticə qane edəcək?
- Ən azı heç-heçə etsək, bu mövsümü uğurlu hesab edəcəyəm. Yeri gəlmişkən, artıq sabah (bu gün) yığmanın düşərgəsinə yollanacağıq.
- Qurban Qurbanov artıq Muarem Muaremə uğurlar arzuladı. Bəs siz?
- Onun gedəcəyini bilirdim. Mən də öz adımdan ona uğurlar arzulayıram. O, yaxşı dost, komanda yoldaşı idi. Bizim üçün böyük itkidir. Onu əvəzləmək asan olmayacaq. Belə futbolçunu tapmaq çətindir. Ona görə "Əskişəhərspor"a azarkeşlik edəcəyəm.
- Bu oyunda iştirak edən futbolçuların Azərbaycan yığmasına yorğun yollandığını demək olar?
- Mən buna görə narahat deyiləm. Əsas odur ki, zədəli yoxdur. Belə məqamlar üçün gələcəkdə darıxacağıq.
- Serbiya ilə yoxlama oyununda finalda iştirak etmiş oyunçuların istirahət etməsi mümkündür?
- Buna Robert Prosineçki qərar verəcək. Amma mən bu görüşdə iştirak etmək istərdim. Həm də "Neftçi" ilə oyunadək istirahət üçün yetərincə vaxtımız oldu. Bizi Norveçlə çətin oyun gözləyir. Serblərlə oyun bizə əlavə inam qazandırmalıdır.
