Samir Ələkbərov: Neftçinin qələbəsini çox istərdim, amma Qarabağ çox güclüdür
Azərbaycan yığmasının sabiq futbolçusu Samir Ələkbərovun azerisport.az saytına müsahibəsi
- Veteranların ötən günkü qarşılaşması barədə nə deyə bilərsiniz?
- Oyundan həzz aldıq. Çoxdan idi görüşmürdük. Yenidən bir-birimizə qarşı oynamaq çox xoş oldu.
- 1996-cı ildəki finalı xatırladınız?
- Xeyr. Bu, sadəcə, yoldaşlıq görüşü idi. Amma o vaxtkı oyuna çox ciddi yanaşırdıq.
- Bəs bu gün baş tutacaq finaldan nə gözləyirsiniz?
- Mən çox istərdim ki, "Neftçi" qələbə qazansın. Amma "Qarabağ" indi həqiqətən çox güclüdür.
- "Neftçi"ni ağdamlıları dayandıra biləcək gücdə hesab etmirsiniz?
- "Qarabağ" öz oyununu sərgiləsə, onları dayandırmaq çətin olacaq.
- Sizə də elə gəlmir ki, hazırda "Neftçi"nin üzərində böyük təzyiq var?
- Xeyr, təzyiq təkcə onlarda yox, hər iki komandada var. Axı bu, final oyunudur. Burada komandaların çempionatda necə oynamasının da önəmi yoxdur. Kubokun finalı ayrıca tarixdir. "Neftçi"də Arif Əsədovdan da çox şey asılıdır.
- Nə mənada?
- Yəni onun komandanı bu oyuna necə hazırlamasından. Əsas budur.
