Ağasəlim Mircavadov: Məni istənilən sahədə aldatmaq olar, amma futbolda yox
Azərbaycan futbolunun veteranı Ağasəlim Mircavadovun azerisport.az saytına müsahibəsi
- Ötən gün "Qarabağ" və "Neftçi"nin 1996-cı ilin kubokun finalında üz-üzə gəlmiş futbolçularının yoldaşlıq matçı baş tutdu. Bu oyunla bağlı təəssüratlarınızı bilmək istəyərdik...
- Peşəkar Futbol Liqasına belə bir oyunu təşkil etdiklərinə görə minnətdarlığımı bildirirəm. Məhz bu ideyanın sayəsində hər kəs kimi mən də 19 il övvəlki final matçını xatırlamış oldum.
- O zaman sizin yaddaşınıza yalnız həsəd aparmaq olar...
- Bəs necə. Məni futbolda aldatmaq çətindir Digər istənilən sahədə buna cəhd göstərə bilərsiniz, amma futbolda bu, çox çətindir, hətta deyərdim ki, mümkünsüzdür. 60-cı illərdən bəri istənilən oyunun gedişatını xatırlaya bilərəm.
- Kubokun finalından hansı nəticəni gözləyirsiniz?
- Gərgin mübarizə olacaq. Qoy güclü qalib gəlsin.
- "Qarabağ"ın daha böyük şansa malik olduğunu düşünmürsünüz?
- Ola bilər. "Neftçi"nin son dövrlər müəyyən problemləri var. Yadımdadır, "Qarabağ" sonuncu dəfə qızıl dubla mənim dövrümdə nail olub. Həmin vaxt rəhbərlik etdiyim uşaqlar bu gün meydanda idilər. Bu dəfəki finalda isə "Qarabağ"ın üstünlüyü çoxdur. Ən azından hər şey komandanın öz əlindədir.
- Yığmamızın Norveçlə oyunundan nə gözləyirsiniz?
- Biz nəyəsə nail olmaq istəyiriksə, yığmamıza inanmalıyıq. Komandamızdan uğur gözləmək olar. Maltaya qalib gəldik. Ola bilər ki, həmin qarşılaşmada sərgilədiyimiz futbol parlaq təsir bağışlamadı. Amma əsas qələbə idi. Əlbəttə, Norveç Malta deyil. Amma mən yenə də uğurlu nəticə gözləyirəm.
