Azərbaycan kubokunda final anı
Bu gün Azərbaycan kubokunda final oyunu ilə 2014/15 mövsümünə yekun vurulacaq. Azerisport.az xəbər verir ki, Qəbələdə keçiriləcək qarşılaşmada ardıcıl 4-cü dəfə finala yüksələn “Neftçi” son 2 mövsümdə əldə etdiyi mükafatı qorumağa, ölkə çempionu “Qarabağ” isə “Qızıl dubl”a imza atmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan futbolunda ən çox üz-üzə gələn komandaların yolları kubokda 9 dəfə kəsişib. 2 dəfə 1/8, 4 dəfə 1/4, 2 dəfə yarımfinalda üz-üzə gələn rəqiblər 2-ci dəfə həlledici qarşılaşmada görüşəcək.
19 il əvvələ təsadüf edən yeganə finalda “Neftçi” qalib gəlsə də, ümumilikdə “Qarabağ” daha çox – 5 dueldə mərhələ adlayıb. Bunların birində keçirilməli olan 2 qarşılaşma baş tutmayıb. Buna həmin vaxt “Neftçi”nin çempionat və kubokda mübarizəni davam etdirməkdən imtinası səbəb olub. Həmin baş tutmayan duelləri texniki nəticə kimi nəzərə alsaq, “Qarabağ” 9 duel çərçivəsindəki 17 matçda daha çox qələbə qazanıb - 7. Beş görüş sülhlə bitdiyi halda, qalan beş oyunda da bakılılar qələbə qazanan tərəf olublar. Top fərqində isə “Neftçi” üstündür - 15:12.
Qeyd edək ki, bu mövsüm çempionatda "Neftçi" "Qarabağ"a qalib gələ bilməyib. Ağdam klubu Premyer Liqanı çempion kimi başa vurduğu halda, paytaxt təmsilçisi dördüncü olub. Bu üzdən də nominal meydan sahibləri ilə müqayisədə, qonaqların kuboku qazanmasına daha çox ehtiyac var. Bu, həm baş məşqçi Arif Əsədovun, həm də bəzi futbolçuların komandadakı gələcək taleyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Rəqib komandada isə kuboku qazanmamaq hansısa böyük üzüntüyə səbəb olmamalıdır. Baxmayaraq ki, "qızıl dubl"a imza atacağı halda Qurban Qurbanovun komandası yeni avrokuboklar mövsümünə daha böyük ruh yüksəkliyi ilə başlaya bilər.
Sonda onu da vurğulayaq ki, "Neftçi" Azərbaycan Kubokunu ən çox qazanan komandadır. Paytaxt klubu tarixi ərzində 6 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. Bu komanda cəmi iki dəfə kubokun finalında məğlubiyyətlə üzləşib. "Qarabağ" üç dəfə kuboka sahib çıxıb. Üç dəfə isə ağdamlılar finala çıxmasına baxmayaraq, baş mükafata sahib çıxa bilməyib.
Azərbaycan kuboku
Final
3 iyun
20:00. “Qarabağ” - “Neftçi”
Qəbələ şəhər stadionu.
