Qurban Qurbanov: Revanş haqda yox, kuboku qazanmağı düşünürük
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun final oyunu çərçivəsində "Neftçi" ilə görüş öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Qəbələdə baş tutan mətbuat konfransında öncə bunları söyləyib:
"Bizi maraqlı oyun gözləyir. Bu oyun hamı üçün vacibdir. Komandada böyük istək var. Təəssüf ki, qalib gələn tərəf yalnız bir komanda olacaq. Biz sadəcə, kubokun qalibi olmaq istəyirik. 19 il əvvəl "Neftçi" "Qarabağ"a qalib gəlib. Amma həmin vaxt hər şey fərqli idi. Ona görə də revanş haqda düşünməsək yaxşıdır. Kuboku qazanmaq istəyirik, buna nə dərəcədə nail olacağımızı oyun göstərəcək".
Qurbanov heyətlə bağlı qısa danışıb: "Heyəti müəyyənləşdirmişik. Elə sizin bildiyiniz kimi olacaq".
Ağdamlıların çalışdırıcısı final matçının komandası üçün çətin keçəcəyini deyir: "Neftçi"nin son oyunlarına baxmışam. Hamı onların problemlərindən danışır. Amma bizim ən çətin oyunlarımız elə bu komandaya qarşı olub. Heyətlərində gənc futbolçular var. Onlar bizə çətinlik yarada bilərlər. İstərdim ki, rəqib final matçına optimal heyətlə çıxsın. İstənilən halda bu final matçı son iki ildə bu komandaya qarşı ən çətin oyunumuz olacaq".
Qurbanov komandasının mümkün penalti seriyasına hazırlığına da toxunub: "Bir dəfə penaltilər üzərində çalışmışıq. Buna tam heyətlə hazırlaşmaq bəzi futbolçularda effektli olmur. Penaltilərin reallaşma faizinə gəlincə, əllinin əlliyə idi".
Ağdam klubunun çalışdırıcısı futbolçuların aqibətindən də danışıb: "Əksər futbolçuların müqavilə müddəti başa çatır. Əlbəttə, bəzi futbolçularla söhbətimiz olub. Amma son qərarımızı final matçından sonra verəcəyik".
