Arif Əsədov: Çempionatda birinci ola bilmədik, amma kubokda buna nail olacağımıza ümid edirəm
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Kubokunun final oyunu çərçivəsində "Qarabağ"la görüş öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Qəbələdə baş tutan mətbuat konfransında öncə bunları söyləyib:
"Neftçi" həmişə titullar uğrunda mübarizə aparıb. Sabahkı oyun da bizim üçün çox vacibdir. Komandama inanıram. Çempionatda birinci ola bilmədik, amma minimum vəzifənin öhdəsindən gəldik, avrokuboklara vəsiqə qazandıq. Ümid edirəm ki, final matçında da uğur qazana biləcəyik".
Baş məşqçi final matçında oynayacaqları mümkün taktika barədə bunları bildirib: "Heyət barədə indi danışmaq istəmirəm. Amma özüm üçün start heyətini müəyyənləşdirmişəm. Heyətdə itkilərimiz, zədəlilərimiz var. Ümid edirəm ki, həkimlər əllərindən gələni edəcəklər və ən azı Araz Abdullayevin xidmətindən yararlana biləcəyik".
"Qarabağ"a qarşı oyunlarda uğursuz sindroma son qoymaq istəyirik. Çempionatda qalib gələ bilməsək də, kubokda qələbə qazanıb, uğursuz gedişata son qoya bilərik".
Əsədov həmçinin bu gün iki klubun veteranları arasında baş tutmuş yoldaşlıq görüşünə (1:1) də toxunub: "Bu gün 19 il əvvəlki finalın iştirakçıları qarşılaşdı. Təşkilatçılara buna görə ancaq təşəkkür edə bilərəm".
