Maksim Demyançuk: Mənə niyə Azərbaycan pasportu verilmədiyi barədə hələ də məlumat ala bilməmişəm
Ukraynanın "Bukovina" klubunun müdafiəçisi Maksim Demyançukun azerisport.az saytına müsahibəsi
- Komandanız turnir cədvəlinin sonunda qərarlaşıb. Bəs sizin öz işləriniz necə gedir?
- "Bukovina" ilə müqaviləmin müddəti yayda başa çatır. Sonra necə olacağını müqavilənin müddəti bitəndə müəyyənləşdirəcəyəm.
- Azərbaycan klublarından dəvət var?
- Ciddi təklif olsaydı, Azərbaycanda oynamağa razılaşardım. Amma yoxdur.
- Vaxtilə sizin "Neftçi" və "Sumqayıt"a keçəcəyiniz deyilirdi. Niyə baş tutmadı?
- Sadəcə, ciddi təklif gəlmədi. Söhbətlər var idi. Hətta "İnter"lə "Qarabağ"ın da mənimlə maraqlandığı deyilirdi. Amma hamısı söz olaraq qaldı, nəticəsi olmadı.
- Azərbaycanın gənclər yığmasına dəvət alsanız da, davamı gəlmədi. Nə baş verdi?
- Onda da demişdim ki, indi də deyirəm: Azərbaycan yığmasında oynamağı çox istəyirəm. Amma sənədlərdə problem yarandı. Mənə Azərbaycan pasportu düzəldə bilmədilər. Səbəbi barədə hələ də bir məlumat verməyiblər. Azərbaycan yığmasında niyə oynamadığımı öyrənmək istəyirsinizsə, AFFA-dan soruşun.
- Gənclər yığmamıza sizi kim dəvət etmişdi?
- Mənim yaxın dostlarımdan biri məni yığmanın məşqçilərinə məsləhət görmüşdü. Onlar oyunlarımın videoyazısına baxıblar. Mənə deyəndə, düşünmədən razılaşdım. AFFA-nın baş katibi Elxan Məmmədovu ilk dəfə yığmanın yoxlama oyununda gördüm. Onunla söhbətimiz olmamışdı.
- Yığmaya dəvət alacağınızı gözləyirdiniz?
- Bu barədə konkret danışığımız olmadı. Amma bildiyimə görə, məni yığmada görmək istəyirdilər.
- AFFA-dan hələ də cavab gözləyirsiniz?
- Düzünü deyim ki, bilmirəm. Hazırda Ukraynadayam və mənə heç kim zəng etmir, maraqlanmır. Yəqin ki, dəvət etmək fikirləri yoxdur. Amma hələ də Azərbaycan millisində oynamağı istəyirəm.
- Ukrayna yığmasına da dəvət edən yoxdur?
- Mümkünsüz heç nə yoxdur. Sadəcə, çalışmaq və məşqçilərə özünü göstərmək lazımdır.
- Siz yığmamıza gələndə komandaya Bernard Lippert rəhbərlik edirdi, indi isə baş məşqçi Yaşar Vahabzadədir. Ola bilər ki, yeni baş məşqçi sizdən xəbərsizdir və ya unudub?
- Xeyr. O, baş məşqçi təyin olunandan sonra zəngləşmişdik. O, məni yığmada görmək istədiyini bildirdi. Görünür, sənəd problemlərinə görə çağırmır.
- U-21 millimiz AÇ-2017-nin seçmə mərhələsində Almaniya, Rusiya, Farer adalrı, Avstriya və Finlandiya ilə bir qrupa düşüb. Sizcə, uğur qazanmaq üçün şans var?
- Çox çətin qrupdur. Amma mən komandaya inanıram. Yaxşı məşqçilər korpusu var, hansı ki, çoxdandır bu komanda ilə çalışırlar. Düzdür, qrup birincisi olmaq çox ağırdır, amma pley-offa adlamaq olar. Mən isə yenə də yığmaya dəvət alacağıma ümidimi itirmirəm. Komandaya bu oyunlarda kömək etmək istərdim.
