Əfran İsmayılov: İnterdən ayrılmamışam, amma başqa kluba keçə bilərəm
Azərbaycan yığmsının və "İnter"in yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi
- Avstriya toplanışı və Serbiya yığması ilə yoxlama oyunundan nə gözləyirsiniz?
- Bu toplanış və yoxlama oyunu AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacağımız Norveçlə görüş öncəsi çox vacibdir. Çox ciddi şəkildə hazırlaşacağıq. Bu baxımdan serblərlə qarşılaşma xüsusi önəm daşıyır.
- Serbiya yığmasının heyəti ilə tanış olmusunuz?
- Bəli. Demək olar ki, bütün futbolçuları Avropanın aparıcı klublarında oynayır, tanış simalardır. Amma rəqibin daşıdığı statusdan asılı olmayaraq, sonadək mübarizə aparacağıq.
- Rəqibin heyətində kimi qeyd edə bilərsiniz?
- Bu komandada kimisə ayırmaq düzgün olmazdı. Amma təbii ki, "Çelsi"də çıxış edən oyunçuları xüsusi diqqət kəsb edir. Rəqibin bizdən güclü olduğu haqda düşünməməliyik. Meydana çıxıb, sərbəst şəkildə öz oyunumuzu sərgiləməliyik. Fikrimcə, yaxşı nəticə qazana biləcəyik.
- Norveçlə oyun öncəsi komandamız gücünə qənaət etməyə çalışacaq?
- Çətin. Çünki bu oyun da bizim üçün vacibdir. Burada gücümüzə qənaət etməyə xüsusi bir ehtiyac görmürəm.
- Serblərlə oyunda yaxşı nəticə Norveçlə oyun öncəsi nə dərəcədə önəmli olacaq?
- Şübhəsiz ki, yaxşı nəticə qazanmağımız bizə əlavə güc və inam qazandıracaq. Amma deməzdim ki, hər şey bu oyunun nəticəsindən asılı olacaq.
- Çempionat başa çatan kimi yığmanın düşərgəsinə yollandınız. Yorğunluq var?
- Digərlərində necə olduğunu bilmirəm. Amma "İnter"in əsas heyət oyunçuları Premyer Liqanın son turunda oynamırdılar. Bu üzdən də istirahət etməyə imkanımız oldu. Məndə hər şey qaydasındadır.
- "İnter"lə bağlı planlarınız necədir?
- Mən hələ "İnter"in futbolçusuyam və onlarla münasibətlərimə son qoymamışam. Klubla bağlı işlərim haqda Norveçlə oyundan sonra danışa bilərəm. Hələ qalıb-qalmayacağımı deyə bilmərəm.
- "Neftçi" ilə danışıq apardığınız barədə xəbərlər doğru deyil?
- Xeyr. Bu komanda ilə heç vaxt danışıq aparmamışam. Mənə təkliflər var, amma həmin klubların adını çəkmək istəməzdim. Son illərdə artıq xeyli klub dəyişmişəm. Ona görə də indi qarşıdakı planlarımdan danışmağa tələsmirəm. Bir neçə klubla danışıq apara bilərəm, amma sonda elə komandaya keçərəm ki, heç sizin ağlınızdan da keçməz.
