Paşayev: Azərbaycan millisində oynamağım Metallurqda mənə problem yaratmayacaq
Azərbaycan yığmasının və Ukraynanın "Metallurq" (Zaporojye) klubunun müdafiəçisi Pavel Paşayevin azerisport.az saytına müsahibəsi
- Azərbaycan yığmasına dəvət almağınızdan razısınız?
- Əlbəttə. Axı mən azərbaycanlıyam. Burada mənim ata tərəfdən çoxlu qohumum yaşayır.
- Valideynləriniz yəqin ki, buna görə çox sevinirlər...
- Bəli, onlar da çox sevindilər ki, mən Azərbaycan yığmasında oynayacağam.
- Azərbaycan yığması barədə nə düşünürsünüz?
- Komanda aşkar şəkildə inkişafdadır. Əminəm ki, qarşıda bizi uğurlar gözləyir.
- Komandanın hansısa oyunlarına baxmısınız?
- Əlbəttə. Portuqaliya, Rusiya, Türkiyəyə qarşı oyunları izləmişəm. Komanda həmin oyunlarda çox yaxşı mübarizə aparıb.
- Milliyə dəvət almağınız "Metallurq"da necə qarşılandı?
- Çox yaxşı. Düşünmürəm ki, yığmaya dəvət aldığıma, legioner statusu daşıyacağıma görə hansısa problemlə üzləşim.
- Serbiya və Norveçlə oyunlardan nə gözləyirsiniz?
- Əlbəttə, serblərə qarşı oynamaq çox xoşdur. Bu komanda gözəl oyunçulardan qurulub. Amma bu, yoxlama xarakterli görüş olacaq. Ona görə də bütün diqqətimiz Norveçlə seçmə mərhələ oyununda olacaq. İstənilən halda hər iki görüşdə azarkeşlərimizi sevindirməyə çalışacağam.
- Bakı sizdə hansı təəssüratlar oyatdı?
- Burada ilk dəfə deyildim. Bir neçə dəfə gəlmişdim. Bakı gözəl şəhərdi. O, həmişə xoşuma gəlib.
- Təsadüfən sizi Ukrayna yığmasına da dəvət etmirdilər?
- Ukrayanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamışam. Amma əsas komandaya dəvət etmədilər. Böyük ehtimalla buna son dövrlər üzləşdiyim zədələr səbəb oldu.
