Soderlund: Əsas heyətdə möhkəmlənməyim üçün Azərbaycana qol vurmalıyam
"Rusenborq"un hücumçusu Aleksandr Soderlund Norveç yığmasının Azərbaycanla AÇ-2016-nın seçmə mərhələ oyununa dəvət alan futbolçulardan biridir. Azerisport.az xəbər verir ki, baş məşqçi Per-Matias Hoqmo iyunun 8-də keçiriləcək İsveçlə yoxlama, eləcə də ayın 12-də millimizlə görüşdə onun da xidmətindən yararlanacaq.
27 yaşlı forvard sonuncu dəfə Norveç yığmasının heyətində elə ötən ilin 16 noyabrında Bakıda Azərbaycana qarşı keçirilmiş oyunda iştirak edib. Hansı ki, həmin oyunda onun komandası 1:0 hesabıyla üstün olmuşdu. Soderlund isə sadəcə, sarı vərəqə almaqla fərqlənə bilmişdi. O, milli komandanın heyətində keçirdiyi 17 oyunda hələ bir dənə də qol vurmayıb.
"Sonuncu dəfə yığmaya dəvət alanda formada olmadığımı hiss edirdim. İki oyunda iştirak etdim, bir oyunda da sonradan meydana çıxdım. İndi isə özümü çox yaxşı hiss edirəm. Əsas heyət uğrunda mübarizə apara bilərəm. Baş məşqçini məyus etməyəcəyimi düşünürəm".
Soderlundun sözlərinə görə, Norveç yığması hazırda güclü komandadır: "Komandamızın çoxlu güclü tərəfi var. Sadəcə, son dövrlər hücum xətti bir qədər zəif mövqe olaraq diqqət çəkidi. Bu da təəccüblü deyildi. Çünki bizim böyük liqalarda çıxış edən hücumçumuz yox idi".
Hücumçu Azərbaycanla oyunu özü üçün bir şans hesab edir: "Başa düşürəm ki, baş məşqçinin etimadını doğrultmalı və qol vurmalıyam. Ümid edirəm ki, bu, məndə alınacaq. Zədədən qaça bilsəm, gələcəkdə yığma üçün daha faydalı ola bilərəm".
