Tərlan Əhmədov: Maaşları vaxtında veririksə, oyunçular razıdırsa, niyə Avroliqada oynamamalıyıq?
AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun azerisport.az saytına müsahibəsi
- Geridə qalan mövsümü AZAL üçün necə qiymətləndirə bilərsiniz?
- Bütövlükdə, normal mövsüm keçirdik. Amma zədə epidemiyasından əziyyət çəkdik. Beş futbolçumuz müxtəlif əməliyyatlara yollandı. Edu, İqbekoyi, Kutsenko bıçaq altına uzanmalı oldu. Onları əvəz edənlərə isə vaxt lazım gəlirdi. Bu mövsümü nə yaxşı, nə də pis hesab edərdim. Ortabab səviyyədə bir mövsüm oldu.
- Komanda Seymur Əsədovla Təmkin Xəlilzadə kimi gənclər qazandı...
- Bəli, onlarla yanaşı başqa yaxşı gənclərimiz də var. Bu gənclərə şans verməyə çalışdıq. Mən həmişə onları dəstəkləməyə çalışmışam.
- AZAL-ın Avropa Liqasına yollanmaq şansı var. Bu məsələ nə yerdədir?
- Bizə rəsmi olaraq bununla bağlı hansısa sənəd gəlməsə, Avropa Liqasında oynayacağımız dəqiqləşməsə, bu barədə heç nə deyə bilmərəm.
- Amma bu, komandanızın yay hazırlıq planlarına təsir edə bilər...
- Elədir. Avroliqada oynamasaq, Antalyaya növbəti mövsümə hazırlaşmağa gedəcəyik.
- AZAL Avroliqada oynamağa hazırdır?
- Futbolçuların maaşını vaxtında ödəyiriksə, onlar bizdən razıdırsa, niyə də yox? Yeni transferlər etməyə də hazırıq.
- Freddi Mombonqo ilə Xuan Fransiskoya başqa klublardan təkliflər var...
- Mən hələ heç kimi komandadan uzaqlaşdırmamışam.
- Luis Ramosdan baqşa...
- Hə, onun intizam baxımından problemləri var idi. Amma yaxşı oyunçuydu. İntizam məsələsi mənim üçün daha önəmli olduğundan, göndərməli oldum. Hazırda bizdə beş futbolçu icarə əsasında çıxış edir. Onların klubları ilə danışmalıyıq.
- Hansı mövqelər güclənməlidir?
- Müdafiə və hücum. Bizə hücumameylli futbolçular lazımdır. Qapıçı baxımından problem yoxdur. Yarımmüdafiədə də.
- Azərbaycan yığmasının Serbiya və Norveçlə oyunlarından nə gözləyirsiniz?
- Robert Prosineçkinin qərarlarına hörmətlə yanaşmaq lazımdır. Bu, onun seçimidir. Heç kim ona kimi yığmaya çağırmalısan, kimi niyə çağırmamısan deməməlidir. Hər bir məşqçinin öz planları olur. Norveçlilərin son oyununa baxmışam. Komplektləşmiş komandadır.
- "Qarabağ"la "Neftçi" arasında baş tutacaq kubokun final matçından nə gözləyirsiniz?
- Finaldan öncə bu iki komandanın veteranları üz-üzə gələcək. Mənə elə gəlir ki, hər iki komanda favorit hesab oluna bilər. Çünki şanslar bərabərdir. Kim əsəblərinə sahib çıxmağı bacaracaqsa, kuboku da o qazanacaq.
