Topaz Premyer Liqasında son tur
Bu gün Topaz Premyer Liqasında 2014/15 mövsümünə yekun vurulacaq. Azerisport.az xəbər verir ki, 293 gün davam edən yarışın sonuncu – 36-cı turunda Azərbaycan çempionu “Qarabağ” istirahət edəcək.
Turun qarşılaşmaları eyni gündə keçiriləcək. Öncə “Sumqayıt” doğma meydanda “İnter”lə üz-üzə gələcək. Bu klubların əvvəlki 11 oyununda sumqayıtlılar heç vaxt qələbə qazana bilməyiblər. Cəmi 3 görüşdə heç-heçə qeydə alınıbsa, 8 qarşılaşmada da "İnter" 3 xala sevinən tərəf olub. Top fərqi də "Sumqayıt" üçün acınacaqlı hesab oluna bilər. Cəmi 1 dəfə bakılıların qapısına yol tapan bu komanda öz qapısında 17 qol görüb. Tərəflərin son iki qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb. Mövsümün ilk dövrəsinə təsadüf edən digər görüşdə isə paytaxt klubu 5:1 hesabıyla üstün olmuşdu. Lakin hazırda "İnter" çox çətin günlərini yaşayır. Maliyyə problemləri içində üzən komandanı demək olar ki, bütün legionerləri tərk edib. Ona görə də mövsümün son turunda bu komanda yerli futbolçuların, gənclərin ümidinə qalacaq. Belədə, "Sumqayıt" tarixində ilk dəfə "İnter" sindromuna son qoymaq üçün yaxşı şansa malikdir.
Üçüncü pillədə qərarlaşan və bürünc medalları təmin etməyə hazırlaşan “Qəbələ” “Bakı” ilə münasibətlərinə aydınlıq gətirəcək. İndiyə qədər 27 oyunda qarşılaşmış tərəflər 6 dəfə sülh bağlayıblar. 9 oyunda "Qəbələ", 12 görüşdə isə "Bakı" qələbə qazanıb. Top fərqində də paytaxt klubunun cüzi üstünlüyü var - 29:27. “Zolaqlılar” son 9 qarşılaşmada qalib gələ bilməyib. “Qəbələ” ardıcıl 9 oyundur meydanı qolsuz tərk etmir. Cari mövsümün hər 3 oyununda eyni sayda – 2 qol vurulub. Bakıda baş tutan bu mövsümkü oyunların hər ikisində "Qəbələ" eyni hesabla (2:0) hesabıyla üstün olub. Amma Qəbələdəki qarşılaşmada 1:1 hesabı qeydə alınıb. Bu dəfə necə olacağı maraq doğurur. Baxmayaraq ki, "Qəbələ"yə bürünc medalları təmin etmək üçün elə heç-heçə də bəs edəcək.
Bürünc medal şanslarını saxlayan “Neftçi” isə paytaxt derbisində AZAL-a qalib gəlib, "Qəbələ"nin məğlubiyyətini arzulayacaq. Paytaxt derbisində “Neftçi” böyük üstünlüyə malikdir. Əvvəlki 25 oyundan 13-də qalib gəlmiş "ağ-qaralar" 7 dəfə meydanı 1 xalla tərk ediblər. Qalan 5 görüşdə isə "təyyarəçilər" üstün olublar. Top fərqi də "Neftçi"nin xeyrinədir - 42:20. “Ağ-qaralar” son 7 ev oyununda ardıcıl qələbə qazanıb. Bu komanda son ev oyununda 4 cavabsız qolla qalib gəlib. Şüvəlanda baş tutan oyunlara gəlincə, ikinci dövrədə AZAL 2:1 hesabıyla üstün olmuşdusa, üçüncü dövrədə də "Neftçi" minimal hesabla qalib gəlib.
Mövsümün son oyununda isə “Xəzər Lənkəran”la “Simurq” üz-üzə gələcək. 22-ci dəfə üz-üzə gələcək bölgə klublarının duellərində cənubluların daha çox qələbəsi (10) var. "Simurq" cəmi 4 qələbə qazandığı halda, 7 dəfə də heç-heçə qeydə alınıb. "Xəzər Lənkəran" top fərqində də üstündür - 30:24. “Xəzər Lənkəran”ın son 2 ev oyununda hər iki komanda qol sevinci yaşayıb. Cari mövsümün matçlarında meydan sahibi olan komanda 3 xal əldə edib. Zaqataladakı görüşlərdə "Simurq" eyni hesabla (2:0) üstün olub. "Xəzər Lənkəran" isə bu rəqibini 2:1 hesabıyla məğlub edib. Cənub klubu bu görüşdə favoritdir. Çünki "İnter" kimi, Zaqatala klubu da maliyyə problemlərindən əziyyət çəkir və aparıcı futbolçularının əksəriyyətini itirib. Belədə, "Simurq"un Lənkəranda hansısa uğur qazanması inandırıcı görünmür.
Topaz Premyer Liqası
36-cı tur
28 may (cümə axşamı)
19:00. “Sumqayıt” – “İnter”
Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, Namiq Hüseynov, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Sumqayıt. “Kapital Bank Arena”.
20:00. “Neftçi” – AZAL
Hakimlər: Elvin Əsgərov, Coşqun Həsənov, Rahil Ramazanov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Bakcell Arena”.
20:00. “Qəbələ” – “Bakı”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Munis Abdullayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Qəbələ şəhər stadionu.
21:00. “Xəzər Lənkəran”– “Simurq”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
| 1 | Qarabağ | 32 | 20 | 8 | 4 | 51-28 | 68 |
| 2 | İnter | 31 | 17 | 12 | 2 | 54-17 | 63 |
| 3 | Qəbələ | 31 | 14 | 9 | 8 | 43-34 | 51 |
| 4 | Neftçi | 31 | 13 | 9 | 9 | 37-32 | 48 |
| 5 | Simurq | 31 | 11 | 5 | 15 | 41-39 | 38 |
| 6 | AZAL | 31 | 10 | 8 | 13 | 36-41 | 38 |
| 7 | Xəzər Lənkəran | 31 | 8 | 7 | 16 | 35-47 | 31 |
| 8 | Sumqayıt | 31 | 6 | 10 | 15 | 29-42 | 28 |
| 9 | Bakı | 31 | 3 | 8 | 20 | 19-65 | 17 |
| 10 | Araz Naxçıvan | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
Bombardirlər:
15 - Nurlan Novruzov ("Bakı").
14 - Draqan Çeran ("Simurq").
13 - Freddi Mombonqo (AZAL).
11 - Nikolas Kanales ("Neftçi"), Cavid Hüseynov ("Qəbələ"), Məhəmməd Qurbanov (“Sumqayıt”).
10 - Reynaldo Silva ("Qarabağ").
