İbrahim Şehiç: ÇL-in qrup mərhələsində oynamaq istəyirik
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Topaz Premyer Liqasının çempionu olmalarından, eləcə də, qarşıdakı planlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" uzun illər idi çempionluq yolu gözləyirdi. İndi isə artıq ikinci dəfədir ki, ölkə çempionu oluruq. Bu, həm də mənim Azərbaycana gəlişimlə üst-üstə düşdü. Buna görə çox şadam. Mövsüm kifayət qədər gərgin keçdi. Bütövlükdə, 62 oyun keçirdik ki, onların 90 faizində qalib gəldik. Bir qədər yorğunluq var, amma təəssüflənmirəm".
Şehiç növbəti avrokubok hədəflərindən də söz açıb: "İştahımız artıb. Xüsusilə də Avropa Liqasının qrup mərhələsindəki inamlı çıxışdan sonra. Sadəcə, biz Milan "İnter"i ilə oyunda təmiz qol vurmağımıza baxmayaraq, onu saymadılar, 1/16 finala yolumuzu kəsdilər. İndi bizim əvəzimizdə növbəti mərhələyə çıxan "Dnepr" finaldadır. Bu mövsüm daha çox çalışıb, ondan da böyük uğura imza atmaq, ÇL-in qrup mərhələsində oynamaq istəyirik".
