Aqil Məmmədov: Rəşad Sadıqov Neftçini arxayınlaşdırmaq üçün elə deyib
"Neftçi"nin qapıçısı Aqil Məmmədovun azerisport.az saytına müsahibəsi
- Son oyunlardakı uğursuz çıxışınızı nə ilə izah etmək olar?
- "İnter"ə böyük hesabla uduzmağımız çox pis oldu. 0:4 hesabıyla uduzmamalıydıq. Qələbə qazanıb, bürünc medallar uğrunda mübarizəmizi davam etdirmək istəyirdik. Amma alınmadı. Nə etmək olar? Qismət deyilmiş. Amma rəqibin bizdən daha yaxşı oynadığını deməzdim. Sadəcə, bizim üçün uğursuz gün idi, iki penaltini dəyərləndirə bilmədik.
- "Qarabağ"ın çempionluğu layiqlidir?
- Tamamilə. Onlar bütün mövsüm boyu üstün oyun nümayiş etdirdilər və rəqiblərinin yaxınlaşmasına imkan vermədilər.
- Bəs "Neftçi"nin onlara müqavimət göstərməsinə nə mane oldu?
- Bizim heyətlə bağlı problemlərimiz oldu. Zədəlilər, cəzalılar çox idi. Təsadüfi hallarda eyni heyətlə oynaya bilirdik. Heyətlə bağlı sabitlik yox idi.
- Qarşıdakı turda "Bakı"ya qarşı oynamalısınız. Qapıda siz olacaqsınız?
- Buna baş məşqçi qərar verir. Onun istənilən qərarına hörmətlə yanaşıram.
- Artıq kubokun finalını düşünürsünüz?
- Əlbəttə. Bütün diqqətimiz həmin oyuna yönəlib. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, kubok bizim olacaq. Oyunun da maraqlı olacağını düşünürəm.
- Kuboku qazana bilməsəniz, mövsümü boşa verilmiş saymaq olar?
- Bu mövsümü boşa verdiyimizi deməzdim. Kubokun finalına çıxmışıq, Avropa Liqasına vəsiqə qazanmışıq.
- Rauf Əliyev, Mirhüseyn Seyidov və Elvin Yunuszadənin qovulması komandaya nə dərəcədə təsir etdi?
- Bu barədə danışmaq istəmirəm. Buna rəhbərlik qərar verib.
- Rəşad Sadıqov kubokun finalında "Neftçi"nin favorit olduğunu deyir...
- O, təcrübəli futbolçudur. Ona görə belə danışır ki, "Neftçi" arxayınlaşsın. Amma biz arxayınlaşmırıq. Biz də təcrübəliyik. Amma "Qarabağ" güclü rəqibdir və oyuna çempion kimi çıxacaq. Çox vacib oyundur və ona böyük məsuliyyətlə yanaşırıq.
- Növbəti mövsümdə "Neftçi"də qalacaqsınız?
- Mənə təkliflər var, amma "Neftçi"dən getmək istəmirəm.
