Ruslan Qurbanov: Haydukda qalmaqda məna görmürəm
Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov Xorvatiyanın "Hayduk" klubundan ayrılmağa hazırlaşır. Azerisport.az saytına açıqlamasında bunu futbolçunun özü bəyan edib:
"Hayduk"da qalmaqda məna görmürəm. Yeni baş məşqçi gəlib, mənə oynamaq imkanı vermir. Heç bir oyunda mənə ilk dəqiqələrdən meydana çıxmaq şansı yaratmayıb. Oynadığım oyunlarda qollar vurmuşam. Son oyunda iki qol vurmuşam, bir məhsuldar ötürmə vermişəm. Məşqçi mənə heç bir söz deməyib. Mənə belə münasibət göstərilən bir komandada niyə qalmalıyam ki? Mən oynamaq istəyirəm. Dörd qol vurmuşam, hamısını da yoxlama oyunlarında. Rəsmi oyunlarda isə maksimum bir hissə meydanda olmuşam. Bu barədə bir həftə düşündüm və sonda getməyə qərar verdim. Qərarımı dəyişən deyiləm və klubla yeni müqavilə bağlamayacağam. "Neftçi"yə qayıdacağam. Çünki klubla bir illik müqaviləm var. "Neftçi"nin mənə nə təklif edəcəyinə baxacağam və digər klublardan aldığım dəvətləri müqayisə edəcəyəm. Mənim üçün əsas oynamaqdır".
