Kamran Quliyev: Təklif göndərdiyimiz futbolçularla maraqlanan başqa klublar da var
"Sumqayıt"ın prezidenti Kamran Quliyev komandasının yay transfer planlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maraqlandığımız futbolçular var. Amma onlara "Sumqayıt"la yanaşı digər klublardan da təkliflər var. Qeyd edim ki, AFFA İcraiyyə Komitəsinin gənc futbolçular üçün maaş həddini müəyyənləşdirməsi çox uğurlu qərardı. Bu, bizə transfer bazarında daha uğurlu rəqabət aparmağa imkan verir. Təbii ki, burada söhbət 1993 və ondan sonra anadan olan futbolçulardan gedir. Çünki iddialı klublardan da təklif alan gənc oyunçu fikirləşəcək ki, "Sumqayıt"a keçməklə daha çox oynamaq şansı qazanacaq. Aldığı pul da elə iddialı komandada qazanacağı qədər olacaq. Düzünü deyim ki, mən bu müzakirələr zamanı ən yüksək maaş həddinin daha az məbləğdə olmasını təklif etmişdim. Ölkəmizdəki vəziyyəti nəzərə alsaq, heç o pula dəyməyən futbolçular yetərincədir. Amma eyni zamanda ondan artığına layiq olan gənclər də var".
